Elxan Cəfərov: «İndi kinomuzda baş verənlər pozitiv xarakter daşıyır»
   
   Dövlət sifarişi ilə istehsalata buraxılan “Bəşəriyyətin xilası” adlı filmin çəkilişlərinə gələn aydan etibarən start veriləcək. Çəkiliş məkanı Bakı, aktyorları azərbaycanlılar olan detektiv janrlı film bəşəriyyətin xilası haqqındadır. Bəs görəsən, bu xilas nədən ibarətdir və xilaskar kimdir? Bu və başqa suallara cavabı filmin rejissoru Elxan Cəfərovla söhbətimizi oxuyandan sonra biləcəksiniz. 
      
   - Elxan müəllim, bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin ssenari müsabiqələrində iştirak etmişdinizmi?
   - Mən peşə olaraq özümə rejissorluğu seçmişəm. Rejissor işi başqa, ssenari müəllifliyi isə başqa peşədir. Amma rejissor ssenaristlə həmfikir olmalıdır və həmin fikrin görüntüsünü özündən keçirib ekrana ötürməlidir. Rejissorun ssenari yazması isə yüksək peşəkarlığın göstəricisidir. Sözümün canı odur ki, mən rejissoram və sonuncu ana qədər də ssenari gözləyirdim. Mədəniyyət və Turizm Nazirliyindən belə bir təklif gəldi. Bu da təsadüfü deyildi. Səbəb də mənim çəkdiyim 20 dəqiqəlik “Qarabağdır Azərbaycan” filmi oldu. Bu filmlə rejissor etimadını qazandım və mənə ssenari təklif olundu.
   - Bu filmin taleyi bir az qəribə olub deyəsən.
   - Film əvvəlcə Mehriban Ələkbərzadəyə həvalə olunmuşdu. Mehriban xanım filmin üzərində ilkin işlərə başlamışdı. O ərəfədə mənə melodram janrında başqa ssenari təklif olunmuşdu. Mehriban xanımla söhbətimiz oldu. O detektiv çəkmək istəmirdi, mən də melodram. Öz aramızda dəyişiklik elədik. Mədəniyyət və Turizm Nazirliyində məsələ müzakirə olundu və qərara alındı ki, bu filmi mən çəkim. Rejissor özünün dünyagörüşündən, temporitmindən, bioloji və psixoloji durumundan asılı olaraq bu və yaxud digər janrı daha prioritetli saya bilər. Amma mən onun tərəfdarıyam ki, rejissor peşəkar yazılmış hər bir janrı öz içindən keçirməyi bacarmalıdı.
   - Bəs bu ssenaridə sizi cəlb edən nə oldu?
   - Öncəliklə qeyd edim ki, filmin ssenari müəllifi Elza Ağayevadır. Elza xanımın yazdığı və düşünüb tapdığı detektiv janrındakı hadisə mənə çox maraqlı göründü. Burda həm bəşəri problemlər, həm psixoloji problemlər, həm də insan duyğuları ilə bağlı hisslər var. İqtisadi şpionaj üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Azərbaycan Kimya İnstitutuna sifariş edilmiş preparatın üzərində iş 1992 - ci ildə SSRİ- nin dağılması ilə dayandırılır. Bu məxfi əməliyyat üzərində iki alim işləyirmiş. Filmin gedişində alimlərin müxtəlif taleyinin şahidi olacağıq. Alimlərdən biri ev şəraitində preparatın üzərində işi davam etdirir. Həmin preparat müəyyən tezliklərdə buxarlanma verir və onun təsirinə düşmüş insan müəyyən müddətə zombiləşir. Əsas qəhrəmanlarımızdan biri skeptik qəhrəmandı - düşüncəli, məntiqli, digəri daha lirik, romantik qəhrəmandı. Romantik olduğu üçün də filmin əvvəlində başına hadisə gəlir və sistemdən uzaqlaşmalı olur. Filmin sonunda bütün canilər tapılır.
   - Yəni hər şey yaxşı bitir...
   - Əlbəttə ki, kino nağıldı. Nağılın sonu da gözəl qurtarmalıdır.
   - Ssenariyə hansısa dəyişikliklər olubmu?
   - Təməlinə, ideyasına dəyişiklik etməmişəm. Müəllifin qoyduğu struktur olduğu kimi qalır, mən sadəcə kiçik əlavələr etmişəm.
   - Filmin adı necə olacaq?
   - Hazırda ad üzərində düşünürük. Amma şərti adı “Bəşəriyyətin xilası”dır. Çünki bu ad filmin tam məzmununu ifadə edir. Alimin niyyəti insaniyyəti narkomaniya və alkokolizmdən xilas etmək idi. Bunun üçün qısa müddətə insanları zombiləşdirib, onların yaddaşından bu iki məfhumla bağlı informasiyanı silməli idi. Amma cəmiyyət həmişə olduğu kimi bu niyyətin iyrənc və qorxunc tərəflərini tapıb istifadə elədi.
   - Film indi hansı mərhələdədir?
   - Son hazırlıq mərhələsindədir. Aktyorları, çəkiliş məkanlarını təyin edib yekunlaşdırırıq. Martın birinci yarısında çəkilişə başlamalıyıq. Çəkiliş maya qədər davam edəcək. Sonra montaj, səsləndirmə dövrü. Yeddi-səkkiz aya film istahsalını tam bitirməlidir.
   - Texniki heyətiniz kimlərdən ibarətdir?
   - Quruluşçu operator Nadir Mehdiyev, quruluşçu rəssam Fikrət Ələkbərov, bəstəkar Aygün Səmədzadə, baş prodüser Xamis Muradov, icraçı prodüser Aydın Hacıyev, filmin redaktoru isə Vaqif Əlixanlıdır.
   - Çəkiliş məkanları Bakıda olacaq?
   - Bəli, çünki hadisələr şəhərdə baş verir. Yalnız filmin sonuncu kadrını təbiət qoynunda çəkəcəyik.
   - Filmdə çəkiləcək aktyorlar barədə nə deyə bilərsiniz? Daha doğrusu, qəhrəmanları kim canlandıracaq?
   - Burada hamı baş qəhrəmandı. Çünki təməl qəhrəman hadisənin özüdür. Amma şərti olaraq iki baş qəhrəmanımız (Həmid və Əziz) var. Romantik qəhrəmanı (Əziz) Kənan M.M., o birini isə Əbdül Qəni canlandıracaq. Bundan başqa filmdə Xalidə Quliyeva, Şamil Süleymanov, Elxan Qasımov, Əbdül Mahmudov, Atabala Səfərov, Gülzar Qurbanova da oynayacaqlar.
   - Aktyorlar fotosınaqla seçilib, yoxsa şəxsi intuisiyanıza güvənmisiniz?
   - Hamısı fotosınaqla seçilib. Amma mən də siz dediyinizin tərəfdarıyam. Sadəcə bu dəqiqə Azərbaycanda industrial kino yaranmalıdır. Aktyoru bəyəndim və çəkilişə çağırdım, bu yaxşı ola bilər, amma bu struktur deyil. Sən kimin üçüncə iz qoymalısan. Sənin arxanca gələn nəsil o yolu keçib sənin buraxdığın səhvləri təkrarlamamalıdır. Fotosınaq kinonun qanunudur. Əslində aktyorlar da fotosınağın tərəfdarı olmurlar. Amma onlar da başa düşürlər ki, bu, Azərbaycan kinosunun gələcəyi üçündür. Fotosınaq aktyorun yaxşı, yaxud pis olmasına dəlalət eləmir. Əksinə, aktyorun bu seçilmiş ansambla, yaxud təyin olunmuş məkana uyğunluğunu aşkara çıxarır. Bizdə elə qəhrəmanlar var ki, məsələn, Azərbaycan analığının simvollarından biri Elmira Şabanova ekrana çıxdıqda onu simvolik olaraq ana kimi qəbul edirik, nəinki mənfi qəhrəman. Onun mənfi qəhrəman olması üçün böyük bir proses keçmək lazımdır. Bütün bunları təyin etmək üçün fotosınaq şərtdir.
   - Filmdən nə gözləyirsiniz?
   - Nümunə gözləyirəm. Məndən əvvəl çəkilmiş filmlərdən heç olmasa bir addım öndə olsun. Bu, mənim iddiamdır.
   - Hərçənd ki, bu başqa söhbətin mövzusu ola bilər. Amma yenə də bu sualı vermədən də olmayacaq. Elxan Cəfərov üçün kino doğrudanmı nağıldı?
   - Mütləq. Nağıl olmasa çətindi. Deyirlər, kino həyatın güzgüsüdür. Mən bunun tərəfdarı deyiləm. Həyatın güzgüsü sənət olmamalıdır. Həyat çox gərgindi, çox sərtdi.
   Mən şəxsən nə çəkmişəmsə və bundan sonra da nə çəkəcəyəmsə hamısı nağıldı və nağılın da sonu gözəl bitməlidir. Bilirsiniz, bu gün kino şaxələnir. Və bu istiqamətlər içində hər kəs öz kinosunu tapacaq. Avropa kinosu düşüncə, Amerika kinosu rahatlıq üçündür. Avropa kinosundakı şaxələnmələr artıq ziyalı, həyat yaşamış insan üçün çox maraqlı gəlir. Gənclər üçün tərbiyə nöqteyi-nəzərindən Avropa kinosu çətin ola bilər. Bunun əksinə olaraq, Amerika kinosu gəncin qəlbinə girir.
   - Bəs bu aspektdə bizim kino barədə nə düşünürsünüz?
   - Bu gün Azərbaycan kinosunda yüksəliş dövrünün ilkin addımları atılır. İndi kinomuzda baş verən hadisələr pozitiv xarakter daşıyır.
   
   N.Murad