Şamil Nəcəfzadə: “Filmlərimiz vasitəsilə özümüzü təbliğ edə bilərik”
   
   Mart ayında Kanadanın Ottava və Toronto şəhərlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin təşkilatçılığı ilə rejissor Şamil Nəcəfzadənin “Qala” filminin premyerası oldu. Kinomuzun okeanın o tayında tanıdılması ilə yanaşı, filmin nümayişindən əldə olunan vəsaitin Haitidə baş vermiş zəlzələ qurbanlarına yardım edilməsi də əlamətdar məqam idi. 2007-ci ildə istehsal olunan “Qala” filmi indiyədək bir çox festivallarda nümayiş olunub. Filmin rejissoru Şamil Nəcəfzadə ilə söhbətimiz «Qala»dan başlayaraq müasir Azərbaycan kinosunun problemlərinədək uzandı.   

   - Nəzərə alsaq ki, hər bir film nəticə etibarilə rejissorun cəmiyyətə verdiyi mesajdır, onda “Qala”nın tamaşaçıya demək istədiyi nədən ibarətdir?
   
   - “Qala”nın janrını pritça adlandırıram. Filmdə bir-birilə uzlaşan və bağlı olan ideyalarla yanaşı, özümüzə aid və beynəlxalq mesajlar yer alıb. Çünki pritçanın formasına uyğun olaraq müəyyən məkan və xalqın adı yoxdur. Hardasa, nə vaxtsa baş verir. Baş qəhrəmanlarından birinin diliylə səslənir: “Nə qədər biz qaçacayıqsa, bizi qovacaqlar”. Ekran əsərində kənd və onun qədim qalası var. Vaxtilə bu qalanı düşmən ala bilməyib. Amma bu gün camaat qalanı qiymətləndirə bilmir, hətta daşlarını söküb müxtəlif tikintilərində istifadə etməyə aparırlar. Əgər kənd camaatı öz tarixi abidəsinə belə münasibət bəsləyirsə, onun qiymətini bilmirsə, o içindəki bağlılığı da tez bir zamanda təslim edəcək.
   Digər məsələ incəsənətlə gerçək həyat arasında olan əlaqədir. Filmdə bir kino kollektivinin pafoslu film çəkdiyini görürük. Şah orta əsr geyimində meydana çıxır. Əhalini düşmənlə vuruşmağa çağırarkən atdan yıxılır və ayağı sınır. Yəni baş verən hadisələr öz reallığını birdən-birə gerçək həyatda tapır. Bir qismi maşına, traktora minib kəndi tərk edir. Digər qismi qalır. Qalanlar da “öldü var, döndü yoxdur” kimi şüarlar prinsipi ilə qalmır. Hər qəhrəmanın kəndi tərk etməməsində özünün şəxsi motivləri var.
   Azərbaycan kinosunun mövcud durumunu 10 il əvvəlki dövrlə müqayisə etsək, indiki vəziyyətin qat-qat yüksək olduğunu qeyd etmək lazımdır. Bu gün ildə azı beş film istehsalata buraxılır. Hərçənd ölkəmizdə hər il on film də çəkilə bilər. Filmlərin sayının artması kinonun inkişafı üçün vacib amildir. Kəmiyyət keyfiyyətə çevrilir, kinoda belə bir sistem var. Dünya kino mütəxəssisləri bu formanı artıq təcrübədən keçirib. Hər bir ölkədə dövlət sifarişi ilə və ya prodakşnlarda istehsal olunan filmlərin təxminən 10 faizi dünya səviyyəsində olur. Yəni ildə 10 film çəkilirsə, onlardan biri həmin səviyyəyə cavab verir. Filmlərin sayı artırsa, bu sənət əsərlərinin bir-birilə dialoquna yol açır. Bu gün Azərbaycanın həm iqtisadi imkanları, həm də kinomuzun yaradıcı potensialı bizə filmlərin sayını artırmaq imkanı verir.
   - Deməli, kinomuzun inkişafını tammetrajlı bədii filmlərin sayının çoxalmasında görürsünüz. Bəzi mütəxəssislər qısametrajlı filmlərə daha çox yer verilməsinin daha önəmli olduğunu qeyd edir.
   - Son dövrdə Azərbaycanda çəkilən filmlərdən ildə biri-ikisi beynəlxalq arenaya çıxa bilir. Bu, sevindirici haldır. “Qala” filmindən başqa, “40-cı qapı”nı yada salmaq istəyirəm. Bu, Azərbaycan kinosunda yüksək potensial deməkdir. Buna görə tammetrajlı filmləri azaltmaq olmaz. Bizdə nəsillər arasında müəyyən varislik var. Toplanan təcrübə, ideya bazası batmır, növbəti nəslə transfer olunur. Bu təcrübədən tam istifadənin yolu istehsalın sayını çoxaltmaqdan keçir.
   - Kinomuzun inkişafı üçün ilkin olaraq başqa hansı mexanizmlərin tətbiqi lazımdır?
   - Bu gün dövlətin ayırdığı müəyyən vəsaitlə filmlər çəkilir. Dünyanın əksər yerində, bəlkə Amerika və Hindistan istisnadır, hətta qabaqcıl Avropa ölkələrində kinofilmlər dövlətin müəyyən dərəcədə qayğısı sayəsində çəkilir. Hamı bilir ki, dünya kino bazarında Hollivud filmləri ilə rəqabət aparmaq çox çətindir. Məhz buna görə Avropa ölkələrində milli kinonun inkişaf etməsinə dövlət yardım edir. Kinoteatrlarda Hollivud filmləri ilə yanaşı, öz filmlərinin də nümayişinə çalışırlar. Özəl sektorlardan da maliyyə cəlb edilməsinin vaxtıdır. Fondlar və digər mənbələr var. Onların da kinoda iştirakı vacib məsələdir. Bizdə buna doğru proses getməlidir.
   Bir çox ölkələrdə böyük şirkətlərin, holdinqlərin mədəniyyətə, o cümlədən kinoya yatırım qoymasını təşviq edən qanunlar var. Həmin şirkətlərə müəyyən vergi güzəştləri edilir. Bu mexanizmin bizdə də tətbiq olunmasının vaxtıdır. Kinoya qoyulan vəsaitin geri qaytarılması üsulu da olmalıdır. Bizdə bu şəbəkə yoxdur. Sovet dövründə hər bir rayonun mərkəzində kinoteatr fəaliyyət göstərirdi. Bu sistem yenidən işə düşməlidir. Tamaşaçı pul xərcləyir və əldə olunan gəlir yenidən kinoya buraxılır. Əvvəl mexanizmləri tətbiq etməliyik, şəbəkələri yaratmalıyıq, sonra özəl şirkətlərə müraciət etməliyik.
   - Bu gün dünyada güclü iqtisadi və siyasi rəqabət gedir. Filmlərdən təbliğat kimi bu məqsəd üçün də istifadə edirlər...
   - Kino ictimai fikrə təsir edən güclü vasitədir. Digər incəsənət sahələrinin səviyyəsini aşağılamaq fikrim yoxdur. Sadəcə, kinonun təbiəti belədir, o kütlə ilə birbaşa dialoqa çıxır. Kino universal dilə malikdir deyə, onun hər yerdə tamaşaçısı var. Həm də kino vasitəsilə ölkələr daha asan və qisa yolla təbliğatını, siyasətini dünyaya çatdıra bilər. Bir misal gətirim. Ermənilər qondarma soyqırımı bir çox parlamentlərdə tanıtdırıb. Onlar nə ilə buna nail olurlar? Təkcə lobbilərinin gücü ilə deyil. İnandırım ki, onlar kinodan da istifadə edirlər. Kanadada erməni əsilli rejissor Atom Eqoyan “Ararat” adlı film çəkib. Filmin elə də dərin mənası yoxdur. Amma hər bir tamaşaçı istənilən ölkədə bu filmə baxarkən istər-istəməz onda müəyyən təəssürat yaranır. Sabah o tamaşaçı gəlib senator, deputat, mer və s. olur. «Erməni məsələsi» gündəmə gələndə də həmin təəssürat öz rolunu oynayır. Bax, budur kinonun gücü. Yaddaşlarda qalır və lazım olan vaxt işə düşür. Bu baxımdan filmlərimiz vasitəsilə özümüzü təbliğ edə bilərik.
   - Kinonu çəkməklə yanaşı, onu tamaşaçıya göstərmək də vacibdir. Deyəsən, “Qala” Azərbaycanda və xaricdə ən çox nümayiş olunan filmlərimizdəndir?
   - “Qala” filmi ölkəmizdə dəfələrlə nümayiş olunub. Xaricdə isə Kanadanın Monreal, Rusiyanın «Pak Xəyallar» və «Kinoşok», Hindistanın Kerala festivalında göstərilib. Bu ilin sentyabrında Yaponiyada keçiriləcək Fukuoka festivalına dəvət alıb. Monreal festivalında Kanadadakı səfirimiz Fərid Şəfiyev filmin Kanadanın ingilisdilli əyalətlərində də göstərilməsinin vacibliyindən danışdı. Nəticədə martın 19-da Torontoda və paytaxt Ottavada nümayiş olundu. Ottavadakı nümayişdə özüm də iştirak edirdim. Bu da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutdu.
   Hər bir filmdə mövzu əsasdır. Filmdə bizim ağrı-acımız ola bilər, amma təqdimetmə bəşəri formada olmalıdır. Onun forma həllini elə qurmaq lazımdır ki, ağrını itirməyəsən və daha da gücləndirmək şərti ilə beynəlxalq arenada tamaşaçıya çatdıra biləsən. “Qala” Ottavada nümayiş olunan zaman mənə verilən suallardan biri də filmin ideyasının yaranması barədə oldu. Mən filmin son 20 ildə baş verən hadisələrin nəticəsi olduğunu bildirdim. Milliyyətcə xorvat olan kanadalı bu hadisələri yaxşı anladığını və “mənim xalqım da keçmiş Yuqoslaviyada oxşar hadisələri yaşayıb” - dedi.
   
   İntiqam Hacılı