İyunun 12-də Xalq yazıçısı İsa Muğannanın Yer üzünə gəlişinin 82-ci ili tamam olur
   
   Eşitdiyi qədim və doğma ün onun gələcək taleyini büsbütün dəyişdi. Bağlarını itirib dünyada sərgərdan gəzən insanlara, elə özünə də yazığı gəldi. Axı bir zamanlar bu dünyada ölümsüz insanlar yaşardı. Sonuncu ölümsüz insan qeyb olanda, insan xoşbəxtliyini həmişəlik itirdi. O zamandan çox minilliklər keçib, lap çox... Ölümsüz insan, əbədi həyat, həqiqət işığı insanların yaddaşından silinib. Nə qədər çətin də olsa, o bağları xatırlamağa və qələmə almağa yazıçı İsa Hüseynovun - Muğannanın qüdrəti çatdı.
   
   - Hərdən adama elə gəlir ki, Muğannanın 500 yaşı var. Amma sizin 82 yaşınız tamam olur. Özünüzü hansı yaşda hiss edirsiniz?
   - 70-ə yaxın...
   - Bəlkə bir az da azaldaq?
   - (gülür) Yox, ondan aşağı salmaq çətindir. İki dəfə kilinik ölüm keçirmişəm. Birində altı, birində doqquz dəqiqə. Bu xəstəliyin mənə xeyri də oldu, zərəri də. Zərəri bu oldu ki, səhhətimdə problemlər yarandı, uzun müddət yaddaşım olmadı. Xeyri də bu oldu ki, belə demək mümkündürsə, o dünyanı görüb gəldim. Yəni ki, ölümü hiss etdim.
   - Necə hiss etdiniz? Ölüm eşitdiyimiz qədər dəhşətlidirmi?
   - Əslində ölüm yoxdur. Əməlisaleh adamın nəfəsi kəsildiyi dəqiqədən beynindən işıq çıxıb şar şəklində toplaşır. Onun içərisində insanın silueti görünür. Bunu ancaq kainatın sirlərinə bələd olan adamlar görür. Sonra o şarın işində insanın gözünün rənginə, saçının sayına qədər nə varsa bərpa olunur. İki-üç gün Yerdə qalandan sonra kainata, ayrı bir planetə doğru hərəkət başlayır...
   
   Geriyə sayılan tarix
   
   Bu məqamda Muğanna “Mən kainatın sirlərindən danışmağa başlasam gərək çox uzaqlara gedəm”, - deyib söhbətin səmtini dəyişmək istəyir.
   Amma məni «uzaq planet» maraqlandırır. İsa müəllim söhbətinə davam edir.
   - Planetlərin adları Odər dilindədir. Od həqiqət, Ər işıq deməkdir. Bu qədim türk xalqının həm adı, həm dilinin adıdır. Yerdə bəşəriyyətin, insan həyatının üç tarixi məlumdur. Birinci tarix 50 min il irəli sayılan tarixdir. Bu Odər bəşəriyyətinin tarixidir. Bəzi xalqların günahı ucbatından atomu parçalayıblar. İndiki dövrdə necə parçalanma gedir, necə raketlər uçur, 50 min ilin axırlarına yaxın da belə olub. Onda da indiki kimi yağışlar başlayıb, su basqınından sonra kainatın sahibləri Odər sivilizasiyasının yaddaşını insanın beynindən siliblər. Və tarix həmin dövrdən geri sananmağa başlayıb. İkinci tarix geri sayılaraq gəlib çıxıb birinci ilə. Birinci ildən başlayır üçüncü tarix. İndi 2010-cu ilə kimi gəlib çıxmışıq. O 100 min il, bu da 2010 il. Bu bəşəriyyətin ümumi tarixidir. Bu tarix zəngin, kəşməkəşli və təhriflərlə doludur.
   - Siz bu fikirdəsiniz ki, bir zamanlar Yer üzündə ölümsüz insanlar yaşayırdı. Hansı günaha batdıq ki, əbədi həyatdan məhrum olduq?
   - Bu, Yerdəki dil təhrifləri ilə bağlıdır. Dil məna deməkdir. Kainatdan alınan həqiqətlərlə yaşamaq insana və Yer planetinə əbədiyyət verir. Sonradan bu əbədi həyat minillik həyata çevrilib. Sonra insan 600 il, daha sonra 400 il yaşayıb. İndi heç yüz yaşına da çatmır.
   - Dönüb yaşadığınız ömrə baxanda ən çox nələri görürsünüz?
   - Ən çox özümü, öz həyatımı görürəm. Həyatda necə yaşamışam, o həyatın ən xırda anlarını da xatırlayıram.
   - Əsərlərində yüzlərlə obraza həyat, tale vermisiniz, bu obrazlar nəsil-nəsil insanların dostuna, sirdaşına, idealına çevrilib. O qəhrəmanlarla təkrar qarşılaşmaq istərdinizmi?
   - O qəhrəmanların bəzilərini həyatdan götürmüşəm. Onları tez-tez xatırlayıram. Qılınc Qurban adlı qəhrəmanım “Saz”, “Tütək səsi” “Quru budaq” əsərlərimdə və “İdeal” romanımda iştirak edir. Amma bu obraz oxucunu bezdirmir. Həyat dəyişdikcə, bu obraz da dəyişir, yeniləşir, özünə tənqidi yanaşır.
   
   Taleyi dəyişmək olmaz
   
   - “Arx” adlı hekayəniz sizi ədəbiyyata gətirdi. Sonra arx çaya, çay dənizə çevrildi...
   - 1947-ci ildə 19 yaşımda “Arx” adlı ilk hekayəm, 1949-cu ildə “Anadil ötən yerdə” oçerkim çap olundu. Atam haqqında oçerki gənclər günündə Yazıçılar İttifaqında oxudum. Mehdi Hüseyn ayağa qalxıb dedi ki, ədəbiyyata gəlməyin münasibətilə səni təbrik edirəm. Sonra oçerk janrından da əl çəkdim.
   - N.Nərimanov adına Tibb İnstitutuna daxil olsanız da, təhsilinizi yarımçıq qoyub kəndə qayıtdınız. Çünki Tanrı sizi başqa bir missiya üçün yaratmışdı. Yazıçı olmalı idiniz və oldunuz da...
   - Tamamilə doğrudur. Tale söhbəti boş-boşuna deyil. İnsanın taleyi, alın yazısı həqiqətdir. İnsan ana bətnindən başlayaraq idarə olunur. Taleyi dəyişmək olmaz.
   - “Yanar ürək”, “Doğma və yad adamlar”, “Tütək səsi”, “Məşhər” əsərləriniz nəsrimizə yeni təlatüm gətirdi. Tənqidçilər qeyd edirlər ki, məhz bu əsərlər vasitəsilə Azərbaycan nəsri 37-ci illərin vahimələrindən xilas olaraq cəsarətlə yeni mərhələyə qədəm qoydu. Bu sizin daxili azadlığınızdan irəli gəlirdi, yoxsa...
   - Bunu daxili azadlıq adlandırmıram. Bu ünlə, mənim nəslimlə bağlıdır. Muğanna nəslinin kökü Süleyman peyğəmbərə gedib çıxır. Atəşpərəstlik yarananda Süleyman peyğəmbər öz adını və nəslinin adını Muğanna qoydu. Muğanna bizim muğlar, bizim bağlar, bizim Allahlar deməkdir.
   Ünə tabe olmaq bir tərəfdən azadlığı itirmək deməkdir. Amma ikinci tərəfdən o qədər kainatdan məlumat alırsan ki, o məlumatlar sənin özünü daxilən azad edir. Sən özünü Odər bəşəriyyətində hiss edirsən və o dövrün - birinci sivlizasiyanın qayıtması üçün çalışırsan. Bu da mənim yaradıcılığımın ikinci dövründə yazdığım əsərlərdə öz əksini tapıb.
   - Sizi Azərbaycanın Folkneri adlandırırlar. Dünya miqyasına çıxmağınıza nə mane oldu?
   - Mənim həddindən çox milli, Odər mədəniyyəti ilə bağlı olmağım.
   - İnsanda ən çox hansı cəhəti qiymətləndirirsiniz?
   - Bir var kamil, bir də var cahil insan. Lap dünya gözəli olsun, cahilin nəyini xoşlayım? Ağlı, dərrakəsi, eşqi ilə vəhdətdə olan insan mənim üçün insandır.
   
   Qədim sivilizasiyanı dirildən gələcəyin yazıçısı
   
   - Ədəbiyyatımızla yanaşı, milli kinomuzun inkişafında da böyük xidmətləriniz olub. İstərdim bu barədə danışasınız.
   - Bir zamanlar mənim əsərlərim çox ciddi tənqidlərə məruz qaldı. Yazıçılar İttifaqı Moskvaya, Mərkəzi Komitəyə yazdı. Oradan siyasi şöbənin müdiri gəlib növbədənkənar plenum çağırdı, məni möhkəm tənbeh elədilər. Mənəvi atam adlandırdığım Mehdi Hüseyn məni yanına çağırıb tapşırdı ki, 26-lar haqqında ssenari yazım. Sən demə, Mərkəzi Komitədə məni sovet yazıçısı kimi qəbul etmirmişlər. Ona görə də Mehdi Hüseyn ona tapşırılan ssenarini mənə tapşırıb ki, yersiz hücumlardan, təzyiqlərdən məni qorusun. Üç şərikli müəllifin iştirakı ilə film çəkildi. O vaxt respublikaya rəhbərlik edən Vəli Axundov bizi qəbul elədi, filmi bəyəndiyini dedi və Mərkəzi Komitənin adından tapşırdı ki, Nəriman Nərimanov haqqında film çəkək. Film çəkildi və böyük mübahisələrə səbəb oldu. Məni Mərkəzi Komitəyə çağırıb Hacı Zeynalabdin Tağıyev obrazına görə danladılar, dedilər ki, kapitalisti ideallaşdırmısan. Onu da deyim ki, respublikanın rəhbəri Heydər Əliyev həmin iclasda iştirak etməmişdi. Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi iclasda mənə söz vermək istəmədi. Mən ayağa qalxıb dedim ki, bu iclas məndən ötürü çağırılıbsa, sözümü deməliyəm. Bir cümlə işlətdim. Dedim ki, böyük əsər yazılıb, böyük zəhmət çəkilib, amma yalançı sosiologiya bizim hətta ən iri sənətkarlarımızı da məhv edir.
   İclasın səhərisi günu Heydər Əliyev plenumun stenoqrafiyasına baxıb, birinci mənim çıxışımı oxuyub və deyib ki, o haqlıdır! Göstəriş verib ki, film nə qədər gedir, o qədər kinoteatrlarda nümayiş olunsun. “Ulduzlar sönmür” adlı bu film 40 gün bütün kinoteatrlarda göstərildi. Sonradan bu filmi yenidən montaj elədim, adını dəyişib “Doktor Nərimanov” qoydum. Ulu öndər Heydər Əliyev ziyalılara, Azərbaycanın dəyərlərinə çox böyük qiymət verirdi. Günlərin birində məni Mərkəzi Komitəyə çağırıb dedi ki, Nəsiminin yubileyi keçiriləcək, film çəkilməlidir, ssenarisini sənə tapşırırıq. O ərəfədə Rəsul Rza Hələbdən qayıtmışdı, oradan Nəsiminin divanını və Nəsiminin edamına aid çoxlu materiallar gətirmişdi, mən də roman yazmağa başlamışdım. Heydər Əliyevə dedim ki, axı mən Nəsiminin haqqında az bilirəm. Dedi ki, sənə əlavə materiallar verəcəyik. Dediyi kimi də oldu, mənə çoxlu əlavə materiallar verdilər, bu da mənə kömək elədi. “Nəsimi”nin ssenarisini yazdım, film çəkildi.
   Sonra povestlərim əsasında “Tütək səsi” və ssenarim əsasında “Nizami” filmləri də çəkildi.
   - Bir müddət kinostudiyada baş redaktor vəzifəsində işləmisiniz...
    - “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri idim. Mehdi Hüseyn məsləhət gördü ki, kinostudiyaya keçim. Adil İsgəndərovla bir gündə, bir büro iclasında təsdiq olunduq. Onu da qeyd edim ki, kinostudiyada işlədiyim müddətdə bir çox filmlərin - “Yeddi oğul istərəm”, “Babək”, “Dəli Kür”, “Axırıncı aşırım” filmlərinin taleyində həlledici rol oynamışam.
   - Kinodan ədəbiyyata qayıdaq. “Məşhər” romanından sonra “İdeal”, “Qəbiristan”, “Gurün”, “Cəhənnəm” əsərləri barədə qısaca belə deyirsiniz - bu əsərlərin məğzində bəşəriyyətin taleyi dayanır.
    - Hər kəs bəşərin tarixindən yazır, bəşəriyyəti bir addım irəli aparmağa xidmət eləyirsə, o yazıçıdır.
   - İkinci Dünya müharibəsinin ağrı-acılarını böyük ustalıqla ədəbiyyatımıza gətirdiniz. Bu gün Qarabağ dərdimiz var...
    - “Qəbiristan” adlı romanım Qarabağ mövzusundadır. “Azərbaycan” jurnalında bir qədər ixtisarla çap olunub.
   - Niyə əsərinizin adını “Qəbiristan” qoymusunuz?
   - Mən elmsiz adamların bətnində gəzdirdiyi qəbiri və qəbiristanlığı nəzərdə tutaraq əsərimi “Qəbiristan” adlandırmışam.
   - Qədim sivlizasiyanı diriltməyə cəhd edərək gələcəyin yazıçısı olan Muğanna 2012-ci ildə dünyanın sonu fərziyyəsinə necə baxır?
   - 2012-ci ildə Amerikada bütün xəstəliklərə qarşı bir dərman kəşf olunacaq və bu dərman bütün dünyaya yayılacaq. Mən özlüyümdə bunu əbədiyyət dərmanı adlandırıram. Yeri nə qədər su basır bassın, nə qədər tufan qopur-qopsun, həyat davam edəcək.
   - Dünya şirindi, niyə belə deyirlər?
   - (gülür) Həyat şirindir, ona görə. Yeməklər də şirindi, həyat da şirindi, insanın bir-biri ilə ünsiyyəti, söhbəti də şirindir...
   - Oxucularımız adından sizə cansağlığı, uzun ömür və əbədi həyat arzulayırıq.
   
   Təranə Məmmədova