Dekabrın 8-də Parisdə II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək. İclasda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, forumun rəsmi tərəfdaşları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.
   İclasda 2013-cü ilin 29 may - 1 iyun tarixində adıçəkilən beynəlxalq qurumların tərəfdaşlığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramının, konseptual sənədlərinin və layihələrinin müzakirəsi nəzərdə tutulub.
   Toplantıda həmçinin ilk dəfə olaraq Forum çərçivəsində Şərq-Qərb Nazirlər Konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılacaq.