Toylarımzın şit-şorunun çıxdığı, manıs tayfasının musiqimizin evini yıxdığı zamanda qəfil bir toy dəvəti əslində, ürəyimcə olmamalı idi. Özü də hansı şəraitdə? Bakıdan 170-180 km aralı məsafə və toyun başlanmasına da cəmi 3 saat qala-qalmaya. Türkiyənin TRT-1 telekanalının Moldova təmsilçisi, jurnalist Ağası Hunun bu qəfil, Qubanın Nügədi kəndinə qardaşı qızının toyuna dəvəti dostum Elxan Zalı bir müddət tərəddüddə saxlasa da, mənim "vaxtında çatacağıq" təsəllim bu toy səfərinə çıxmağımızı qətiləşdirdi. Baxmayaraq məclisə vaxtında çatmayacağımızı dəqiq bilirdim, amma artıq müasirləşərək toyluqdan çıxmış toylarımızın, şablonlaşmış tamada tostlarının , şadlıq saraylarının diktə etdiyi şənlik məclislərinin dırnaqarası ssenarisininn acığına bir uzaq dağ kəndindəki toyları həm də yazmaq imkanını əldən vermək istəmirdim. Beton yol və yenə şadlıq sarayı Təzə çəkilmiş beton yolla şütüyən sovet "06"-sının sürücüsü Elxan Zalın tez-tez, mənimsə hərdənbir "sürəti artır" istəyimizə dişi bağırsağını kəsə-kəsə "bundan da artıq" cavabını verə-verə bizi Qubaya yetişdirdi. Dağ döşündə abidətək qurulmuş Azərbaycan gerbindən sola burulan maşın Ağ çay üzərindəki körpüdən keçib kəndə daxil olur. Elxan Zalın telefon əlaqəsi buradaca məni məyus edir. Demə, toy çadırda yox, kənddə tikilmiş şadlıq sarayındadır. Sən demə, Nügədini kiçik kənd kimi təsəvvür edəndə yanılmışam. Kənddə təxminən 7 min əhali yaşayır. Deyirsən bu qədər əhaliyə bir şadlıq sarayı da olmasın... Burada camaat əsasən kənd təsərrüfatı ilə məşğuldur. Alma bağları bir yana, üstəlik burada yaxşı kartof da yetişdirilir.. Bir mədəniyyət evi, bir kitabxana kənd əhlinə mədəni xidmət göstərir. XVII əsrə aid məscidin minarəsi də diqqəti cəlb edir. Deyim ki, Nügədi Qubanın ən böyük kəndidir. "Əfsan" şadlıq sarayının qarşısında bizi qarşılayırlar. Şəhər toylarında adət etdiyimiz səsgücləndiricilərə sığınmış müğənninin səsi saraydan çöldə belə eşidilir. Dediyim kimi, artıq toya gecikmişdik. İçəri daxil olub göstərilən yerdə əyləşirik. Masa qonşularımız isə Elxanın və Ağasının dostları, mənimsə qiyabi tanıdığım, hərbi marşların mahir ifaçısı, dinləyicilərin sevgisini qazanmış Şəmistan Əlizamanlı, "And" verilişinin aparıcısı olmuş hərbi jurnalist Rahib Qəribdir. Onu da xüsusi qeyd edim ki,toydakı müğənninin düz 22 dəqiqə "Ay qız haralısan?" mahnısını dayanmadan ifa etməsi ucbatından Elxan bir müddət köhnə dostlarla qışqıra-qışqıra hal-əhval tuta bildi. Qeyd edim ki, saray heç də Bakıdakılardan öz böyüklüyünə görə geri qalmırdı. Qız toyu olsa da, bir çox rayon adətlərindən fərqli olaraq qadın və kişilər eyni məclisdə idilər. İfa edilən mahnıların qulağa pis təsirini isə Şəmistan müəllim sarayda akustikanın nəzərə alınmaması ilə izah etdi. İndi isə keçək toy menyusuna. "Gecikən qonaq öz kisəsindən yeyər" deyiminə bağlı qorxum tezliklə yoxa çıxdı. Çünki burada istənilən saatda qonaq gələ bilər və ona qulluq edəcəklər. Öyrəndim ki, toy düz günorta 12.00-dan başlayıb. Düzü, böyür-başımda yeyib-içən nügədililəri müşahidə edəndə dünyada ərzaq qıtlığı barədə həyəcan təbili çalan, bu haqda geniş müzakirələr keçirən Birləşmiş Millətlər Təşkilatının təşvişini anladım. Nügədililərin iştahına söz ola bilməz. Quba bozartması, dalınca növbənöv kabablar... BMT bir tərəfə, təmiz dağ havasında yeməkdən doymaqmı olar? Bəylə gəlinin əyləşdiyi masanın qarşısında oynayan gənclərdən başqa hamının başı qarışıb yeməyə. Fikir verirəm ki, bizdən başqa meyvəyə tamah salan yoxdu. Maraqlısı budur ki, almanın vətənində masaya qoyulan meyvələr içində alma yoxdur! Bu həyəcanımı Elxanla bölüşməyə imkan tapmıram süfrəyə gətirilən aş buna mane olur. Şabalıdlı, dadlı, tamlı, zövqlü Quba aşı tezliklə süfrənin əsl şahı olduğunu isbatlayır. Bu aş olan yerdə heç müğənninin qışqırığı da vecimə deyil. Heç yallı gedən qızlar, oynaq havaları rəqs edən oğlanlar da diqqətimi ondan ayıra bilməz. Cənab, leytenant! Nəhayət, müğənninin ucuz toy mahnılarını rəqs havaları əvəz edir. Rəqslər də elə hamımızın gördüyü tərzdədir. Eyni şablonluqla. Neyləyək, daha bu standartlara öyrənmişik. Deyim ki, elə toy əhli də bu standartlardan keçdiyindən artıq yorulmuş görünürdü. Lakin elə bu vaxt… "Cənab, leytenant" marş tipli mahnı və Şəmistan Əlizamanlının səsi saraya yayılır. Meydan yeniyetmələrindir. Onlar marşın sədalarına uyğun rəqs edir. Hiss edirəm ki, toy əhlində yenidən canlanma yaranıb. Bu canlanmanı toya vətənpərvərlik dalğası gətirmişdi. Şəmistan müəllimin maraqlı, ürəyəyatımlı səsi xoş bir ovqat oyadır. Oxuduğu mahnılara gəlin və bəy də öz rəqsləri, saraya toplaşanlar alqışları ilə qoşulurlar. Vətən mövzulu mahnılarsa bir-birini əvəz edir. Şəmistan müəllimin bu bir saatlıq çıxışı toyun sonunu ən gözəl akkordlarla başa vurur. Ənənəvi olaraq çalınan musiqi ilə yekun elan olunur. Vətən mövzulu mahnıları xüsusi həssaslıqla dinləyən nügədili Qarabağ qaziləri, veteranları ilə söhbət edə-edə biz də saraydan çıxırıq. Mənə Vətən lazımdır "Mənə heç nə lazım deyil". Mənə Vətən lazımdır! Bu kəlməni qolunu itirmiş Mehman deyir. Kiçik bir marş hələ bizim hər birimizi ayağa qaldırırsa, deməli, işğalçı üçün rahat həyat olmayacaq. "İgid əsgər, möhkəm dayan" marş-şərqisinin sədaları altında minlərlə qisasçı yenə də səngərlərdədirsə, bu intizarın sonu olacaq. Amma nə qədər ki, bu intizar bitməyib yüzlərlə boş-boş mahnılardansa, heç olmasa, hər bir toyun sonunu bu vətən mövzulu mahnlarla bitirmək daha yaxşı olardı. Niyə də olmasın? Milliliyin son dayağı Gecə ilə kəndi tərk etmək fikrimizin üstündən xətt çəkdilər. Demə, toydan sonra qız evində xınayaxdı deyilən mərasim keçiriləcək.Üstəlik, nügədililər qonağı belə tez yola salmağı sevmirlər. Qeyd edim ki, müasir dövrdə bəlkə də, toy-adətlərimizdən yeganə olaraq qalanı elə bu xınayaxdı mərasimidi. Toydan bir saat sonra musiqi sədalar qız evində, Bəhram kişinin ocağında səslənəndə mərasim başlandı. Həyətə yığışanlar, gəlinin başı üzərindən şirnilər səpələdilər. Ömrümdə birinci dəfə mənim də barmağıma xına payı düşdü. Sabutay