Daha bir il sona çatmaq üzrədir. Yekun olaraq bütün sahələr üzrə baş verən hadisələr analiz edilir, keçilmiş yola bir də baxılır. Bəs görəsən, 2008-ci il ədəbiyyat adamlarımızın yaddaşında necə qalacaq. Bu və ya digər suallarımızla yazarlarımıza müraciət etdik.

- Sizcə, 2008-ci ilin fərqləndirdiyiniz ən yaxşı nəsr əsəri?
- Bu il hadisə sayıla biləcək yeni imza.
- 2008-ci il sizin yaradıcılığınızda hansı iz qoydu?
- Bu il şəxsi həyatınızda yadda qalan hadisə?

Əkrəm Əylisli: "Yeni imzalar var. Ancaq hələ onların yaradıcılığı ötən əsrin 60-cı illər ədəbiyyatındakı nümunələr səviyyəsinə çatmayıb"

- Bu il daha çox dünya ədəbiyyatından nümunələr mütaliə etmişəm. Sovet dövründə dünya ədəbiyyatı ilə geniş tanışlıq imkanları olmayıb. Amma öz ədəbiyyatımızı indi çox az oxuyuram. Çünki kitab nəşrində elə bir xaos var ki, bu bolluqda seçim etmək çətindir. Bizim millətdə qəribə bir azar var, elə bilirlər ki, kitabı buraxan kimi tarixə düşəcəklər.
Buna görə də oxucu da, yazıçı da çaşıb qalıb. Mənim üçün bir yaxşı hekayə bəsdir ki, həmin ili ədəbiyyatımızda uğurlu il adlandırım.
- Yeni imzalar var, baxmayaraq ki, indiki ədəbi gəncliyin içində subyektiv yanaşanlar çoxdur. Amma ümidverici və sabahın ədəbiyyatını yaradacaq nəsil mövcuddur. Lakin hələ onların yaradıcılığı  ötən əsrin 60-cı illər ədəbiyyatımızda olan nümunələr səviyyəsinə belə çatmayıb.
- Əsasən mütaliə etmişəm. 2006-2007-ci illərdə yazdığım romanımı bu il tam işləyib bitirmişəm. 2008-ci ildə yeni bir romanımın da əsası qoyulub.  Bilirsiniz, insan yaşlaşdıqca onun mənəvi-ruhi ehtiyacları artır. Yeni roman bu ehtiyacı əhatə edəcək.
- Elə bir xüsusi hadisə baş verməyib.

Səlim Babullaoğlu: "2008-ci il Markes festivalı ilə yadımda qalacaq"

- Bu il Elçin Hüseynbəylinin "XIII həvari və ya 1001-ci Don Juan" romanını oxumuşam, maraqlı əsərdir.
 - Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi Gənc Ədiblər Məktəbinin üzvləri olan gənc şairlər Qismət, Əli Əlioğlu, Rəbiqə Nazimqızı, Feyziyyə ən yeni imzalar kimi diqqətimi cəlb ediblər, istedadlı gənclərdir.
- "Fotoqraf İlyas Köçmənin şəkillər dəftəri" adlı silsilə şeirlər yazmışam və kitab halında çapa hazırdır. "Ata və uşaq" adlı uzun şeirlər silsiləsi də builki yaradıcılığıma aiddir. 2008-ci il mənim üçün 20-yə qədər esse, məqalələr yazıb çap etdirməyimlə əlamətdardır. Ədəbi tərcümə işini də paralel olaraq davam etdirmişəm. Nobel mükafatçısı olmuş 10-a qədər yazıçının Nobel mükafatını alarkən söylədiyi nitq  esseləriniıı də dilimizə çevirmişəm. Boris Pasternakdan "Doktor Jivaqo" adlı şeirlər silsiləsini də tərcümə etmişəm.
- Şəxsi həyatım əvvəlki qayda ilə davam edir, bu il daha çox Ukraynada Markes festivalında iştirakımla yadda qalacaq.


Aydın Xan Əbilov: "2008-ci il səs-küylü bir əsərlə yadda
qalmayıb"

- Ötən illərə nəzər salanda, əslində 2008-ci ildə elə bir səs-küylü nəsr əsəri ədəbi meydana daxil olmayıb.  Keçən il Aqil Abbasın "Dolu", Elçin Hüseynbəylinin "XIII həvari və ya 1001-ci Don Juan" romanları diqqəti cəlb etmişdi.
 - Bu il ədəbiyyatımızda az inkişaf etmiş bestseller sahəsində Yusif Əhmədovun "Ələkeçməzlər", Varisin "Sonuncu ölən ümidlər" əsərləri yeni imza sahiblərini bizə tanıtdırdı. Ən yeni ədəbi gənclik arasında Əli Əlioğlu, Zərdüşt Şəfi, Fərid və Feyziyyənin imzaları diqqəti cəlb edir.
-  Bu il Gənclər və İdman Nazirliyinin və AYB-nin dəstəyi ilə "Dünyanın kultroloji dərki" kitabım çapdan çıxıb. Orta və yaşlı nəsil yazarları üçün nəzərdə tutulan Prezident təqaüdünə layiq görülmüşəm. Tərcümə işi ilə məşğul olmuşam, onlarla elmi məqaləm dövri mətbuatda çap olunub, "İlin kulturoloqu" mükafatına layiq görülmüşəm.
- Oğlum bu il uşaq bağçasına gedib. Həmçinin Rusiya və Türkiyədə olmuşam. İstanbulu doyunca gəzib, bu şəhərin mədəni həyatını öyrənmişəm.

Musa Yaqub: "Ədəbi hadisə zaman kəsiyində yox, vaxt hüdudlarından kənarda baş verir"

- 2008-ci ildə ədəbi hadisəyə səbəb olan əsəri xatırlaya bilmirəm. Ola bilər ki, mənim diqqətimdən yayınıb. Bir də ki, ədəbi hadisələr zaman kəsiyində yox, vaxt hüdudlarından kənarda baş verir. Əgər o yaranıbsa, gec-tez onu oxuyacağıq. Məsələn, bir neçə il əvvəl S.Səxavətin "Nekroloq" romanı çıxmışdı. Bax, həmin əsəri yazıldığı dövrün ədəbi  hadisəsi hesab edirdilər. Məsələ rəqəmlərdə deyil: 2008, 2009-cu il ədəbiyyatı üçün yazılmış əsərlər faktı var.
- Son dövrlər mətbuatda, daha çox "525-ci qəzet"də çap olunan bəzi imzaları xatırlayıram. Təqdirəlayiq adlar var. Konkret ad çəkmirəm. Zaman hər şeyi xəlbirləyəcək, həmişə olduğu kimi, layiqlilər qalacaq. Son dövrlər ədəbi cərəyanlarla bağlı aralıqda dolaşan söz-söhbətlərə də ikicə kəlmə ilə münasibət bildirim: əgər ocaq yanırsa və onun istisini hiss edirsənsə, səmada ötüb keçən buludlar ürəyinə bir xiffət gətirirsə və bu mənzərələrə ürəyinin rəngini qatıb sözə çevirə bilirsənsə, bu, poeziyadır. Daha bunun hansı üslubda yazılması fərq eləməz.
- Bu il İsmayıllıya - Buynuza mənim yanıma çoxlu dostlarım gəlib-gedib. Müəyyən mənada bunu təkcə dostlarla görüş yox, həm də ədəbi məclislər kimi qəbul edirəm. Bir də son dövrlər ədəbiyyatımızın taleyi ilə bağlı gəzən söz-söhbətlər bir aydınlıq istəyir.  Münasibətlər fərqli ola bilər, amma istək birdir.
Şəxsi yaradıcılığa gəldikdə isə, bu il payız mövzusunda çoxlu şeirlər yazmışam. Bilirsiniz, sizə qəribə gəlməsin, bu payız  əvvəlkilərə bənzəmirdi. Ümumiyyətlə, ilin fəsilləri heç vaxt bir-birinə bənzəmir. Bəlkə, buna görədir ki, artıq rəqəm, vaxt anlayışı  mənim üçün aradan götürülüb. Bu payız yazdığım şeirlərin altına tarix qoymamışam...

Yaşar: "2008-ci ildə nəsrimizdə fərqli nəticə olmayıb"

- Ümumi ədəbi mənzərə var, bu il iri əsərlər də, hekayələr də yazılıb çap edilib. 2008-ci ildə nəsrimizdə əvvəlki illərdən fərqli nəticə olmasa da, hər halda passivlik də olmayıb.
- Məncə, yeni imza əslində yeni əsər deməkdir. Ədəbi gənclik mövcuddur, lakin onlar əsasən ədəbi imzalarını təsdiq etdirməkdən daha çox, ədəbiyyatətrafı iddialara daha çox vaxt ayırırlar. Yeni imzalar hekayələr və şeirlərdə göründü. Axtarış, obraz, tapıntı bu yazılarda var. Lakin onlara hələ bitkin əsərlər demək olmaz. Ədəbi yazı isə orqanizmdir. Onların peşəkar səviyyəyə yüksəlməsi lazımdır.
- 2008-ci il mənim üçün ədəbi yaradıcılıq baxımından  daha çox itki ilidir. Sadəcə, vaxt imkansızlığı… Əsasən tərcümələrlə məşğul olmuşam. Latın Amerikası və Skandinaviya ədəbiyyatından dilimizə əsərlər çevirmişəm.
- Bu il qızım Bakı Slavyan Universitetinə qəbul olunub.

Azər Abdulla: "Bu il yeni və gözəl nəsr əsərini "oxudum" deyə bilmərəm"

- Gənclikdə daddığın neməti qocalanda dadanda "ağzımın dadı qaçıb" deyə şikayət edirlər. Bəlkə də bundandır ki, yazılan hər əsər mənim emosiyama təsir etmir. Bu il yeni və gözəl nəsr əsərini "oxudum" deyə bilmərəm.
- Yeni imzalar var.
- Bu il "Sarı tağ" adlı povest yazmışam, "Azərbaycan" jurnalında çap edilib. Həmçinin "525-ci qəzet"də yeni şeirlərimi oxuculara təqdim etmişəm.
- Hər şey əvvəlki kimidir.

Sabutay