Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə gələn əcnəbilərin sayı da artmağa başladı. Bu gəlişlər isə müxtəlif səbəblərdən irəli gəlirdi. Məsələn, onların bir qismi Bakıda iş qurmaq, bir qismi təhsil almaq və digər qismi isə öz dövlətlərinin tapşırığı ilə xidməti fəaliyyəti üçün gəlirdilər. Hətta indi bu əcnəbilərin arasında uzun müddət Azərbaycanda yaşamağa qərar verənlər də var. Qarşıdan gələn Yeni il ərəfəsində Bakıda yaşayan əcnəbilərin dilindən ölkəmiz, insanlarımız və xüsusilə də mədəniyyətimiz haqqında eşitmək maraqlı idi.

İsveçrənin Azərbaycandakı səfirinin xanımı Barbara Guidetti:
«Böyük Şərq operası
«Leyli və Məcnun»a tamaşa edərkən riqqətə gəldim»

- Bakıda yaşamağımdan iki il ötməsinə baxmayaraq, Odlar Yurdu və xüsusilə küləklər şəhəri mənim üçün hələ də heyrətamizdir. Lakin əsas odur ki, çoxlu səmimi və faydalı insanların əhatəsində özümü evimizdəki kimi hiss edirəm. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm. Lakin Azərbaycan dili dərslərinə başlamaq istərdim. Əminəm ki, o zaman yerli insanlarla təmasım daha asan olar. Azərbaycan insanlığın, bəşəriyyətin beşiyidir və onun tarixi doğrudan da heyrətamizdir. Biz onun qeyri-adi mədəni və təbii irsini özümüz üçün kəşf etməkdən zövq alırıq. Bu irs Bakının qədim şəhərində, İçərişəhərdə yerləşir və hesab edirəm ki, əsaslı bərpadan, yeniləşmədən və möhtəkirlikdən qorunmalıdır. Biz həmçinin ölkənizdə Azərbaycanın nadir flora və faunasının qorunması üçün yaradılan milli parklara sərf edilən əməyi yüksək qiymətləndiririk.
Azərbaycanın gözəl mənzərələri olduğuna görə turizmi inkişaf etdirmək üçün böyük potensial var. Biz həmçinin yayda həftə sonlarını Nabran çimərliyində, Qubada keçiririk. Məşhur və sevimli dağlıq şəhər olan Şəkiyə və onun cəlbedici Xan sarayına də az səyahət etməmişik. Şirvanşahlar sarayı və orada olan Dərviş məqbərəsi, Atəşgah mənim sevimli yerlərimdir. Hətta İsveçrədən gələn qonaqları da bu abidələri səyahət etməyə dəvət edirəm. İndi bu qədim zərdüşt məbədi bərpa olunaraq çox gözəl vəziyyətə gətirilib. Həyat yoldaşım və mən klassik musiqini və eləcə də caz musiqisini dinləməkdən zövq alırıq. Biz eyni zamanda sizin klassik musiqiniz olan muğamı kəşf etmişik. Xüsusilə muğam caz elementləri ilə birləşəndə daha maraqlı olur. Bakıda keçiriləcək növbəti Caz Festivalını səbirsizliklə gözləyirəm. Eyni zamanda bu şəhərdə keçirilən müxtəlif film festivallarından zövq alıram. Opera və Balet Teatrında baş tutan təqdimatlara gedirəm. Məsələn, bu il dahi şairiniz Nizami Gəncəvinin əsəri əsasında hazırlanan və böyük Şərq operası olan «Leyli və Məcnun»a tamaşa edərkən riqqətə gəldim. Azərbaycanda olduqca möhkəm musiqi ənənələri var. Eyni zamanda, Azərbaycan xalçalarını da sevirəm. Daha çox Şirvan və Qarabağ  xalçalarını bəyənirəm. Diqqətimi isə daha çox  Şirvan xalçaları cəlb edir. Həyat yoldaşım və mən İçərişəhərdəki kiçik xalça dükanlarına getməyi xoşlayırıq. Bəzən onlardan birini seçib alırıq.

Azərbaycanda Dünya Bankının maliyyələşdirdiyi layihədə  idarəçilik və təchizatçılıq məsələləri üzrə məsləhətçi Tea Toriaşvili: «Azərbaycan milli musiqisini və rəqslərini çox bəyənirəm»
- Bakıya iki dəfə 2000-2001-ci illərdə qısa səfərlər etmişəm. Hər bir şey yaxşılığa doğru dəyişir. Şəhər çox gözəldir. Köhnə yerlər yenidən gözəl şəkildə qurulur və bərpa olunur. Mən daima teatr və konsert proqramlarında iştirak etmək üçün vaxt ayırmağa çalışıram. Azərbaycan milli musiqisini və rəqslərini çox bəyənirəm. Onlar çox mənalı və emosionaldır. Gürcü milli rəqsləri ilə sizin rəqslər arasında bəzi oxşarlıqlar var. Mən hətta Azərbaycan milli rəqslərinin bəzi elementlərini də öyrənməyə başlamışam. Muğam-cazın pərəstişkarıyam. Azərbaycan musiqiçisi, bəstəkar və pianoçu, muğam-caz sintezinin əsasını qoyan Vaqif Mustafazadəni də xoşlayıram. Muğam və caz improvizə olmaqla yanaşı, maraqlıdır. Öyrənmişəm ki, Vaqif Mustafazadə bir neçə il Gürcüstanda yaşayıb. Təəssüf ki, Bakıya gələnə qədər bu haqda bilmirdim. Çox şadam ki, belə bir böyük şəxsiyyətin qızı Əzizə Mustafazadə öz atasının yolunu davam etdirir. Mənə deyildiyi kimi, onu «Cazın Şərq şahzadə»si adlandırırlar. Bayaq dediyim kimi, Azərbaycan xalçalarını çox bəyənirəm. Xalçaların əsas mövzusu və rəng çalarları Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu xalçalar elə bil ki, insanlara bütün dövrlər haqqında sadə və məharətli formada danışa bilir. Azərbaycan xalçalarında rənglərin tükənməz zəngin rəngləri və sənətkar fantaziyasının uçuşu çox heyrətamizdir.

Bakıda yaşayan hindistanlı iş adamı Ronald D’Mello: «Azərbaycan klassik musiqisi olan muğam bizim musiqimizə yaxındır»
- Yerli sakinlər arasında çoxlu dostlarımız var və onlar bizim üçün heç də hindlilərdən fərqlənmirlər. Mənə elə gəlir ki, bu, bizim Şərq əsilli olmağımızdan irəli gəlir. Milli bayramlarımızda biz onları qonaq kimi evimizə dəvət edirik. Azərbaycanlılar da öz milli bayramlarında eynən belə edirlər. Biz Azərbaycanı özümüzün ikinci vətənimiz hesab edirik. Azərbaycanın milli bayramlarında da iştirak edirik. Yerli dostlarımızın xoşuna gəlməz ki, Novruz bayramında harasa gedək və bu bayramda iştirak etməyək. Hind filmlərini və musiqisini hələ qədim dövrlərdən sevdiklərindən  azərbaycanlı müğənnilər hind dilində çox gözəl oxuyurlar. Azərbaycanın klassik musiqisi olan muğam bizim musiqimizə yaxındır. İndi Azərbaycanda yaşayan hindlilərin əksəriyyəti də Azərbaycan dilində danışmağı bacarırlar. 

Norveç Krallığının Azərbaycandakı səfirinin xanımı Elinor Rambreq:
«Xalçalarınızın üzərindəki rəng çalarları, naxışlar məni sadəcə valeh edir»

- Əvvəllər sizin mədəniyyətiniz haqqında böyük bilgiyə malik deyildim. Lakin Bakıda olduğum müddətdə mahnılarınızı dinlədikcə, musiqinizə qulaq asdıqca və rəqslərinizi seyr etdikcə bu xalqın mədəniyyəti haqqında geniş təsəvvürlərim yaranır. Mənə elə gəlir ki, bunun özü də bir xalqın mədəniyyətinin öyrənilməsində təcrübə rolu oynayır. Sizin gözəl və sevimli xalçalarınız, sadəcə məni valeh edir. Həyat yoldaşımın vəzifə missiyasına görə əvvəl Pakıstanda yaşamışıq. Ona görə də xalça haqqında müəyyən təsəvvürə və bilgiyə malik idim. Pakistan kimi sizin də ölkəniz Şərq ölkəsi olduğundan xalçalarda oxşar toxunuş və üslublar var. Bu xalçalar, doğrudan da Şərq sənətinin zirvəsidir. Bizim Norveçdəki evimiz çox böyük və genişdir. Ona görə də çox istərdim ki, evimizə böyük Azərbaycan xalçası alım. Sadəcə, bunun üçün vaxtımız yoxdur. Bizim ölkəmizdə Azərbaycandakı kimi xalçalara rast gəlmək qeyri-mümkündür. Sizin xalçaların üzərindəki rəng çalarları, naxışlar məni valeh edir.

Tanınmış serb dramaturqu Bilyana Srblyanoviç:
«Konsertlər zamanı mənə aydın oldu ki, Azərbaycanda çox gənc və istedadlı musiqiçilər, pianoçular var»

- Azərbaycan maraqlı, dərin tarixi kökləri, eyni zamanda müxtəlif mədəniyyətlərin inteqrasiya olunduğu bir ölkədir. Yəqin bu, ölkənizin iki qitədə yerləşməsindən irəli gəlir. Mənə elə gəlir ki, Avropada hər bir insan üçün iki qitədə yerləşən ölkədə müxtəlif mədəniyyətlərin qarşılaşmasını və bir-birinə inteqrasiyasını görmək maraqlı olardı. Bakıya gəlməzdən əvvəl Azərbaycan haqqında bəzi məlumatlarım var idi. Məsələn, Qurban Səidin yazdığı «Əli və Nino» romanını serb dilində oxumuşam və çox xoşuma gəlib. Əsərdə mədəniyyətlərin bir-birinə inteqrasiyasının öz əksini tapması xüsusilə maraqlıdır. Digər tərəfdən, balkanlı olduğumdan bizim xalqımızla azərbaycanlılar arasında bəzi oxşarlıqlar mövcuddur. Məsələn, Bakı küçələrində musiqi eşidəndə öz-özümə deyirəm, bu, serb musiqisidir. Mən «Yuğ» teatrında oldum. Həmin teatrda Slobodan Şnayderin əsəri təqdim olunmuşdu. Görürəm ki, bu teatr xarici əsərlərə çox açıqdır. Əgər aidiyyəti qurumlar dəvət etsələr, öz pyeslərimi Azərbaycana gətirərəm. Hazırda müəllifi olduğum əsərlər Türkiyədə və Moskvada oynanılır. Onlar dünyanın 24 dilinə tərcümə olunub. Əsərlərimin tərcümə olunduğu 25-ci dilin Azərbaycan dili olmasına çox şad olardım.
Bakıda klassik musiqini dinləmişəm. Konsertlər zamanı mənə aydın oldu ki, Azərbaycanda çox gənc və istedadlı musiqiçilər, pianoçular var. Mənə elə gəlir ki, burada musiqi təhsilinə böyük diqqət verilir.  Opera və Balet Teatrında operaya da getmişdim. Aktyor oyunu, kostyumlar, dizayn çox gözəl idi. Azərbaycanda mədəniyyət və incəsənətlə bağlı çox maraqlı məlumatlar eşitmişəm. Onlarla tanış olmağa və seyr etməyə çalışıram. Muğamlarınızı isə yalnız CD-lərdə dinləmişəm. Bu, çox güclü və emosional musiqidir. Muğam insanı təsirləndirir.


Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinin xanımı və tanınmış yazıçı Bridc Kinan:
«Muğamlarınızı dinlədim və sevdim»
- Sizin muğamlarınız, muğam ifaçılarınız mənim xoşuma gəlir. Bu musiqini ilk dəfə Bakıda eşitmişəm. Mənim musiqi dinləmədə problemim var. Lakin muğamlarınızı dinlədim və sevdim. Bundan başqa, filarmoniyada Rauf Abdullayevin dirijorluğu ilə orkestrin ifa etdiyi konsertdə də olmuşam. Amma hələ ki teatrlara getmək imkanım olmayıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin keçmiş rəhbəri Conatan Henik:
«Azərbaycanlılar ölkəyə gələnlərə qarşı çox səmimi, qayğıkeş və qonaqpərvərdirlər»
- Ümumiyyətlə, mən daha çox cazı xoşlayıram. Azərbaycana gələndən sonra gördüm ki, azərbaycanlılar da cazı xoşlayırlar. Hətta onlar müxtəlif musiqi növlərini, xüsusilə də cazı muğamla sintez edirlər. Mən Vaqif Mustafazadə və onun qızı Əzizə Mustafazadəni dinləmişəm. Amerikda da caz musiqisi populyardır. Lakin cazı muğamla sintez olunmuş formada dinləmək çox gözəldir. Mən muğamı dinləməyi də sevirəm.  Burada yaşadığım müddətdə Alim Qasımovla yaxın dost olmuşam. Bizim səfirlik Alim Qasımovla birlikdə müxtəlif proyektlər keçirib. Bizim Yo-Yo-Ma ansamblımız var və bu ansambl Alim Qasımovla birlikdə Amerikada çıxış edib.

MEHPARƏ