Yol qeydləri-1
   
   İnsanlarla yaşamaq asan deyil, çünki susmaq çətindir...
   
   Divar yazıları
   
   Bəzən gündə yüz dəfə “Vətən gözəldir”, “Vətəni sevmək gərək” və s. bu tipli kəlmələri eşitsək də, onlara, heç fərqinə də varmadan adi şablonlaşmış kəlmələr kimi yanaşırıq. Elə mən də belələrindən idim, lakin dünənə qədər. Ömründə ilk dəfə olaraq Bakıdan kənara çıxan bəndənizin yol qeydləri yəqin ki, sizə də maraqlı olar. Uşaqlıqdan “daş-divar oxumaq” kimi bir adətim var. Harasa yola düşəndə oxumadığım market, restoran, servis adları qalmır. Avtobusdakı qadınların məişət qeybətlərini, hay-küyünü (yazıq kişilər) eşitməmək üçün qulaqcıqları taxıb musiqi sədaları altında “daş-divar” adətimə xilaf çıxmayaraq, ənənəmə sadiq qaldım. Sumqayıtdan Xızıya qədər yolboyu daş atsaydın, ya kafeyə dəyərdi, ya da marketə. Elə yolboyu ən çox rast gəldiyim də “Borçalı bank”, “Borçalı kafe”, “Borçalı inşaat” adları oldu. Yəqin ki, bu da o boyda Borçalı mahalının Azərbaycandakı bu boyda filialları idi. Hələ sizə balaca ikimərtəbəli obyekti demirəm. 1-ci mərtəbə “Turan market”, 2-ci mərtəbə “Turan servis”. Dedim yəqin 3-cü mərtəbə də bu yaxınlarda mütləq inşa edilib “Turan kafe” olacaq və böyük Turan elini bu obyektə sığışdıracaqlar. Bir az getmişdik ki, avtobusun pəncərəsindən diqqətimi çəkən şiferlərlə çəpərlənmiş “Göyçə” kafesi oldu. Nədənsə, bu şiferlər mənə erməniləri xatırlatdı... Avtobusun sürətinin artmasından hiss etdim ki, sürücü baba qoca yaşında cavanlıq edib şose yolda şütümək eşqinə düşüb. Avtobusdakı uşaqların “Bas qaza, aşkım, bas qaza” mahnısını oxuması sürücünü daha da cuşa gətirdi. Yolda ötmədiyi maşın qalmadı...
   
   Pəncərədən asılan mənzərə...
   
   Budur, bir vaxtlar tv-dən, şəkillərdən gördüyüm mənzərələrin indi canlı şahidi idim. Uzaqda yarıya qədər dumana batmış sıralanan dağlar görünürdü. Göy üzündə sürətlə süzən buludları isə bu qədər əlçatan görməmişdim. Yaşıl, qırmızı və boz rənglərlə rənglənmiş dağları və yamyaşıl çəmənlikdəki al-qırmızı lalələri görəndə isə heyrətimi gizlədə bilmədim. Elə bil avtobusun pəncərəsindən təbiətin fotosu asılmışdı və hər 10 m-dən bir bu fotolar dəyişirdi. Ən böyük rəssam təbiət imiş deyənlər, doğrudan da yanılmayıblarmış! İlahi, bu necə gözəllik idi. Böyük Səttar Bəhlulzadə indi mənə bir az da doğmalaşmışdı. Onun yaratdığı rəngarəng çalarlı rəsmləri, sanki indi təbiət özü gözümün qarşısında sərgiləyirdi. O an mənə elə gəldi ki, Səttar əmi özü yanımda əyləşib uzun, şana barmaqlarıyla əlini dağlara uzadaraq rənglərin sirrini anladır! Bir anlıq göydə uçan quş isə azadlığın hüdudsuzluğu hissini yaşatdı mənə. Bir az qarşıda yerləşən evlərlə yanaşı, qəbiristanlıq isə bayaqkı mənzərədən daha fərqli, həyatın faniliyini pıçıldayırdı. O evlərdə yaşayan insanlar da fərqli idi. Mənə elə gəlirdi ki, o adamlar bizdən fərqli olaraq hasarın o tayındakı ölümü hər gün düşünürlər. Dünyanın əbədi olmadığını onlar bizdən daha yaxşı dərk edirlər.
   
   Allaha da rüşvət?!
   
   “Beşbarmaq” adlı məkana çatanda isə avtobus dayandı. Elə bildim artıq çatmışıq. Demə, insanlar bura pul atmağa gəlirlərmiş. Həmin pul atılan yerin yaxınlığında da əlil arabasında bir şikəst kişi dilənirdi. Ona pul verən olmasa da, nəzir qutusunu pulla dolduranların ardı-arası kəsilmirdi. Hərdən insanların arzu və məqsədləri mənə gülünc görünür: əgər bu nəzir qutusuna pulu atmaqda məqsəd xeyriyyəçilikdirsə, bəs niyə onlar qarşılarındakı ehtiyacı olan insana kömək etməkdən qaçıb, hara xərclənəcəyi bəlli olmayan yerə pul atırlar?.. Bu yerdə yadıma Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” adlı romanındakı, səhv etmirəmsə, S.Ə.Şirvaninin dilindən dediyi “Allah da arzuları rüşvətlə həyata keçirir. Biz arzu diləyib əvəzində ona rüşvət (nəzir) veririk”. Nə qədər cəhalət, cahillik.... hələ Nabranda nələr baş verdi... bunları sözlə ifadə etmək çətindir, gərək özünüz şahidi olardınız. Əslində anam məni Vələmir pirə aparsa da, mən tamam başqa bir məqsədlə, təbiətin gözəlliyini görmək eşqiylə gedirdim. Rayondan şəhərə gələn, nəyi, necə geyinəcəyini bilməyən bəzi qızlar kimi, mən də şəhərdən rayona dikdaban ayaqqabılarımı geyinib yola düşmüşdüm. Camaatın məni başdan-ayağa süzməyindən başa düşdüm ki, bura belə geyinmək olmaz. Meşədə bizi ilk qarşılayanlar da ağcaqanadlar oldu. Uzaqdan çayın şırıltısı eşidilirdi, quşların səsi isə “Ulduz” kinosundakı Ulduzun meşədən keçərkən Qədirlə rastlaşması səhnəsini xatırlatdı. Eyni ilə oradakı quşların səsi idi. Bircə fərq vardı. Filmdə Ulduzun yanında Qədir, mənimsə yanımda bir avtobus adam var idi. Bir az getmişdik ki, meşənin içərisindəki qəfil gördüyümüz qəbirlər bizi vahimələndirdi. Bayaqkı “Ulduz” filmi «Dəhşət» filmiylə əvəzləndi. ...Və qısası filmin finalına yaxınlaşıb piri ziyarətdən danışım.
   
   Vələmir pirdən dilədiyim
   
   Deyilənə görə, Vələmir pirdə nə arzu edirsənsə, bir il ərzində həyata keçir. Ərə getmək, bir pillə vəzifədə irəliləmək, övlad, ev və s. istəyən bura axışır. Ziyarət edilən yer isə meşənin düz ortasında, ağacların əhatəsində bir xeyriyyəçinin (adını unutmuşam) qəbri idi. Adətə görə, qəbrin başına 3 dəfə dolanıb dua edərək niyyət eləməlisən. Sonra isə ağaclara parça bağlayırsan. Təbii ki, bütün bunlar cahil insanların illüziyaları olduğundan, nə qəbrin başına dolandım, nə də niyyət eləyib ağaclara ip bağladım. Xeyriyyəçiyə olan hörmətimi isə qəbrinin qarşısında baş əyib ruhuna oxuduğum dua ilə bildirdim. Yenə bir fikir beynimdə haçalanır: İslamda qəbrin itməsi zəruri olduğu halda, belə qəbirlərin sitayiş hədəfinə çevrilməsi haqda nədənsə fikir söyləyən yoxdu! Yenə o üstümdə gəzən qəribə baxışları hiss etdim. Yox, dikdabanlarıma baxmırdılar. Onlara qəribə görünən mənim hərəkətlərim idi. Kim bilir, bəlkə də ürəklərində mənə “kafir” deyənlər də oldu. Nə isə, bu ziyarətdən sonra çayın o başında bir ayini də həyata keçirmək əzabı var idi. Daha doğrusu, bu, onlar üçün böyük zövq idi, mənimçünsə bunları izləmək və adamların bu cahilliyinə acımaq böyük əzab idi. Hardasan ay Sabir, niyə səsin gəlmir, ay Cəlil?! Niyə sizin qəbirləri də belə ziyarətə çevirib başınıza dolanan yoxdu, ay Cəfər?! Allah sizə rəhmət eləsin!!!
   
   Molla Nəsrəddin, yerin məlum...
   
   Sonuncu ayin “ev tikmək” idi. Burada camaat budaqlardan, çay daşlarından, çör-çöpdən, daha nələrdən özünün və yaxınlarının adına torpaqda əl boyda balaca bir evcik tikir və deyilənə görə, gələn ilə qədər həmin insana ev qismət olur. Yenə sakitcə bir kənarda dayanıb onlara tamaşa edirdim. Eynən “Ölülər”dəki ölülərini diriltmək üçün adını siyahıya yazdıran camaat idi, təkcə bir şey dəyişmişdi, o vaxtdan çox illərin keçməsi... Camaat şəhərdə “Novostroyka” tikir, bunlar da burada “Ümid evcikləri”. Hələ çör-çöpdən düzəldilmiş evciklərin yanında, yalan olmasın, yarım metr hündürlüyündə olan daş evcikləri demirəm... Dedim, yəqin bu evcikləri tikənlər də villa arzusunda olanlardır! Hələ bəzi evciklərin divarını “alçipan”la tikənləri, divar əvəzi baş yaylığı ilə alaçığa bənzər “sənət əsərləri” düzəldənləri demirəm. Təbii ki, tikilən evciklər burada da insanların hansı təbəqəyə məxsus olmasının, yaxud olmaq istəməsinin göstəricisi idi. Anamın xətrinə dəyməmək üçün bir evcik də mən tikdim. Daha doğrusu, 4 qurumuş budağı yerə basdırıb evimin künclərini yaratdım. Əl qabiliyyətim “əla” olduğundan evimin nə divarını, nə də damını düzəldə bildim. Burada təkcə “ev” tikmirdilər. Kiril əlifbasının «P» hərfini xatırladan üç köhnə qəbir daşından düzəldilmiş daşların altından da keçmək lazım idi. Daşürəklisi də, dindarı da birtəhər də olsa, sürünə-sürünə daşların altından keçib üstünə pul qoyurdular. Bələdçi də pullara nəzarət edirdi. İnanan daşa dönsün əgər o pullar hansısa xeyriyyə işlərinə xərclənirsə. “Dünyada bir daş varsa, o da gəlib mənə dəyər” misalının bariz nümayəndəsi olduğumdan daşın altından keçməyə qorxdum, dedim, axı kim zəmanət verir ki, üst-üstə qoyulmuş bu daşın altından keçəndə o daş mənim başıma düşməyəcək! Xüsusilə də mən “kafir”in. Düşsə də, yəqin deyəcəkdilər ki, “Xoşbəxt adamdı, Allah yolunda öldü...” Zavallılar...
   Daş demiş, burada bir yer də var idi, təxminən 1-2 m uzaqda dayanıb oyuğa 3 daş atmalısan, əgər daşlar həmin yerə düşdüsə, arzuların həyata keçəcək. Vay o gündən həyəcanlanasan, əlin əsə, daş da əyri gedib yerinə düşməyə... Olan-qalan güman-ümidin də daşa çevrilib arzularını sındırar. Hərdən düşünürəm ki, insanların belə yerlərlə əlaqələndirdiyi həyata keçən arzularının əsas ünvanı, əslində onların ürəyi və böyük inamlarıdır. Sadəcə, özləri bundan xəbərsizdi... Nəhayət ki, mənim də bir xeyrim dəydi. Elə meşədə tanış olduğum bir qızın şəkillərini çəkdim. Deyə bilərsiz ki, burada nə xeyirli iş? Və mən də cavab verə bilərəm ki, qızın dediyinə görə, şəkilləri neçə aydı həsrətlə gözlədiyi, ondan uzaqda olan sevdiyinə göndərəcəkdi. Kim bilir, oğlan da şəkilləri görərkən necə sevinəcəkdi. Kiminsə sevincinə şərik olmaq... Bundan böyük xoşbəxtlik?..
   
   Mənəvi istirahət
   
   Bütün aqressiyanı kənara atmaq üçün sakit meşədən keçən çayın kənarına gəldim. Çaya baxdıqca, quşların cəh-cəhini dinlədikcə yadıma adamlardan qaçıb vəhşilərlə (mən deməzdim onlar vəhşidir) oturub-duran Məcnun, Robinzon Kruzo və b. düşdü. Təbiət, heyvanlar nə qədər mehriban, nə qədər qayğıkeş idi, öz qoynunu mənə aça bilmişdi... Onun bu sərin olduğu qədər isti qoynunda haqsızlığı, kədəri, cəhaləti necə unutmuşdum... Elə bil başqa həyat, başqa zaman idi. Heç ayrılmaq istəmirdim.Yavaş-yavaş axşam da düşürdü. Qarşıda yenə aqressiya dolu səsli-küylü şəhərə qayıtmaq əzabı var idi...
   
   P.S. Yolda anam: “Hələ sən Şuşanı görsəydin, neylərdin? Bura onun yanında nədir ki?..”
   

   P.P.S. Bu gün səni kitablardan şablonlaşmış şəkildə yox, sözün əsl mənasında yaşayaraq sevdim, Vətən!!!
   
   
   Yeganə CANSAİL
   
yeganec@list.ru