Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
   
   Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
   
   İclasda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, düşünülmüş iqtisadi siyasət nəticəsində bütövlükdə ötən il Azərbaycan üçün uğurlu olub, ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sənayesi 8 faiz artıb. İnvestisiya xərcləri 22 milyard dollardan çox olub.
   Dövlət başçısı bildirib ki, bu ilin büdcəsi rekord səviyyəyə - 20 milyard manata çatıb. Hazırda ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar həcmindədir. Ötən il ölkədə yüzlərlə məktəb, xəstəxana, idman qurğusu və digər sosial obyektlər tikilib və əsaslı təmir olunub. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan 300 milyon manat ayrılıb.
   2012-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi səciyyələndirən dövlət başçısı bu sahədə ən böyük nailiyyət kimi ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini önə çəkib.
   İqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat veriblər.
   İclasda yekun nitqi söyləyən Prezident İlham Əliyev 2013-cü ildə qarşıda duran vəzifələrdən danışıb. Dövlət başçısı əvvəlki illərdə olduğu kimi, bütün proqram və layihələrin bu ildə də uğurla icra olunacağına əminliyini bildirib. Prezident qarşıda duran vəzifələrdən birinin makroiqtisadi sabitliyin qorunması və inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması olduğunu vurğulayıb. 2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha ciddi xarakter alacağını bildirən dövlət başçısı bununla bağlı elektron xidmətlərə keçid prosesinin sürətləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib.
   Regionların inkişafına dair qəbul olunmuş ikinci Dövlət Proqramının uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev investisiyaların böyük hissəsinin regionlara yönəldiyini bildirib, indiyədək sahibkarlara 1 milyard manata yaxın güzəştli kredit verildiyini, bu il isə 250 milyon manat güzəştli kredit veriləcəyini qeyd edib.
   Dövlət başçısı bildirib ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı ciddi addımlar atılacaq. Gəncə, Sumqayıt şəhərlərində, Bakının Qaradağ rayonunda sənaye mərkəzlərinin yaradılması və yeni texnoparkların genişləndirilməsi davam etdiriləcək.
   Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı görüləcək işlərdən danışıb.
   Sonda dövlət başçısı 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.