Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Üç gün davam edən bu tədbirdə ABŞ, Rusiya, Türkiyə və İran kimi böyük kitab istehsalçıları daxil olmaqla, dünyanın 20-yə yaxın ölkəsi təmsilçiləri və respublikamızda fəaliyyət göstərən 50-dək çap-poliqrafiya müəssisəsi iştirak edirdi. Sərgi-yarmarkada yaxından iştirak etmiş Tərcümə və Nəşriyyat - Poliqrafiya Mərkəzinin direktoru Əliş Ağamirzəyev qonağımızdı. O, tədbir haqqındakı təəssüratlarını bölüşdü:
   -Azərbaycanda ilk dəfədir ki, beynəlxalq kitab sərgi-yarmarkası keçirildi. Bu tədbirin keçirilməsi zərurəti Azərbaycan kitabının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dünya kitab çapı prosesinə güclü inteqrasiyasından sonra yarandı. Məlumdur ki, kitab sərgiləri ölkələr arasında mədəni fikir mübadiləsinə təkan verir, ictimai-siyasi, elmi-mədəni təcrübənin qarşılıqlı öyrənilməsinə şərait yaradır. Ümumiyyətlə, beynəlxalq kitab sərgi və yarmarkalarında naşirlər qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanı əldə edirlər.
   Doğrudan da, inkişaf etmiş ölkələrin nəşriyyatlarının iştirak etdiyi ilk sərginin həyəcanını biz də yaşadıq. Tədbirin respublikamızda ilk dəfə keçirilməsinə baxmayaraq, çox böyük uğurla başa çatdı. Bu işdə dövlət qayğısı başlıca rol oynadı. Xarici qonaqlarla söhbətimizdə gördük ki, onlar işlərin təşkilindən, gedişindən, onlara yaradılan şəraitdən, göstərilən xoş münasibətdən çox razı qalıblar.
   Xarici qonaqların kitablarımızın keyfiyyəti, kitaba olan marağımız diqqətindən yayınmamışdı. Həm də sərginin nəşriyyatlar üçün pulsuz olduğu marağa səbəb olmuşdur.
   Bir naşir kimi beynəlxalq sərgilərdə iştirak etməsəm də, (Avropa ölkələrini nəzərdə tuturam) bilirəm ki, bu cür tədbirlərdə iştirak etmək xeyli vəsait tələb edir. Mübaliğəsiz demək olar ki, bu, beynəlxalq tədbir xarici nümayəndələrdə respublikamız haqqında maraqlı təəssürat yaratdı, ölkəmizi yaxından tanıdılar. Xalqımızın qonaqpərvərliyi, elmə, kitaba hədsiz dərəcədə marağı, hörməti və sülhsevərliyi barədə məlumatlanmış oldular. Onu da qeyd edim ki, sərgidə iştirak edən qonaqların bir neçəsi ilə qabaqcadan tanışlığımız vardı. Ona görə də onlardan, xüsusilə Qırğızıstan və Qazaxıstandan olan nəşriyyat nümayəndələri ilə geniş söhbətlərimiz oldu. Tədbir onlarda zəngin təəssürat yaratmışdı.
   Sərgidə nümayiş olunan kitablara heç bir məhdudiyyət yox idi. Bunu hiss etmədim və görmədim. Sərgi iştirakçılarına təqdim olunan kitabları müşahidə etdim. Demək olar ki, bütün mövzularda kitab var idi. Bu da sərginin çeşidli və yüksək səviyyədə təşkilinin uğurunu göstərirdi. Diqqətçəkən bircə o oldu ki, tək tibbə aid ədəbiyyat yox idi. Bəlkə də vardı , ancaq mən görmədim. Vardısa da çox cüzi olmuşdu. Deyərdim ki, ən aktual və çox vacib kitablardan biri də tibbi ədəbiyyatdı. Eşitdiyimə görə Avropa ölkələrində, eləcə də keçmiş sovet respublikalarında - Rusiyada, Ukraynada, Qazaxıstanda, Belarusda keçirilən beynəlxalq sərgilərdə tibbə əlavə bölmə ayrılır. Bu sahəyə -tibbi ədəbiyyata, xüsusi önəm verilir... Ancaq digər sahələrə aid kitabların mövzu rəngarəngliyi, kitabların tərtibatı çox yüksək səviyyədə idi.
   Tərcümə Nəşriyyat-Poliqrafiya Mərkəzi sərgidə müxtəlif adda 300 kitabla təmsil olunurdu. Həmin kitablardan: Kamal Abdullanın «Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud», Cəmilə Rüstəmovanın «Milli Burjuaziya», «Dilçilik Ensiklopediyası», Aydın Kazımzadənin «Heydər Əliyev və kinematoqrafiya», Aydın Qaradağlının «Qarabağ, onun qədim tayfaları və toponimləri», Mais Əmrahov, Ənvər Çıngizoğlu və Habil Həsənovun «Qarabağ xanlığı», Aristotelin «Metafizika», Etimad Başkeçidin «Panoptika» və digərləri daha çox diqqəti cəlb etdi. Ona görə də Qazaxıstan, Rusiya, İran və Qırğızıstan respublikalarının nümayəndələri ilə əlaqələr qurduq. Bir tərcümə mərkəzi kimi həmin respublikaların şair və yazıçılarını daha çox maraqlandırırdıq. Çünki onlar kitablarını tərcümə etdirmək, yaymaq və təbliğ olunmaq baxımından bizimlə daha çox əlaqə qurmağa meyilli idilər.
   Ümumiyyətlə beynəlxalq tədbirlərdə iştirak etmək istəyən naşirlər gərək çox fəal olsunlar. Çünki kitabın çap olunması hələ hər şeyi həll etmir. Əslində işin çətinliyi kitabın ərsəyə gəlməsindən sonra başlanır. Maraqlı kitab tapmaq, oxumaq və təbliğ etmək onu çap etmək qədər gərəklidir.
   I Bakı Beynəlxalq kitab sərgisində iştirakımız təqdirəlayiq oldu. Daha doğrusu, bu sərgidə iştirakımızdan çox razı qaldıq. Respublikamızın nəşriyyat sahəsinin, poliqrafiya mədəniyyətinin və kitab sənətinin yüksək məqama çatdığının bir daha şahidi olduq. Bu möhtəşəm beynəlxalq tədbir bundan sonra respublikamızda beynəlxalq sərgi ənənəsinin əsasını qoydu. Respublikamızın dünyada tanınmasında mühüm rol oynadı. Eyni zamanda bizim gələcək fəaliyyətimizə bir stimul verdi. 

  Savalan FƏRƏCOV