Prezident İlham Əliyev yanvarın 16-da görkəmli şairə Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri var. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir. Məhsəti Gəncəvinin 900 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilib.
   Sərəncamda Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasına Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.