Metronun “20 Yanvar” stansiyası dairəsində 1990-cı il 20 Yanvar faciəsində qurban gedən şəhidlərin xatirəsinə inşa olunmuş “20 Yanvar abidə- kompleksi” bu ayın 20-də açılacaq. Ölkə başçısının razılığı ilə reallaşan layihənin tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb. Kompleksətrafı ərazi abadlaşdırılıb. Son bir ayda daha sürətlə aparılan işlər başa çatmaq üzrədir. Qanlı yanvar günü şəhid olan soydaşlarımızın adları həkk olunan guşələr hazırlanıb.
   Belə abidələrin milli təfəkkürümüzün inkişaf baxımından əhəmiyyəti, xalq və zaman kontekstində dəyəri barədə paytaxt insanının nə düşündüyünü öyrənmək məqsədi ilə “20 Yanvar” metrosu yaxınlığında sorğu keçirdik. Bəri başdan qeyd etməliyik ki, söhbətləşdiyimiz insanlar arasında bu milli fəxarət akt və faktına qarşı laqeyd, “gündəlik tələbatlar” formatlı cılız təfəkkür “cavab”ları ilə qarşılaşsaq da, qürurlu düşüncələrini bizimlə paylaşmaqdan məmnunluq duyan, çəkinməyən həmvətənlilərimizlə də rastlaşdıq.
   Suallarımız belə idi:
   1. Belə abidələrin qoyulması milli təfəkkür baxımından nə qədər əhəmiyyətlidir?
   2. Bu abidənin 20 il sonra qoyulmasına necə baxırsınız?
   
   
   Cavablarsa belə oldu:   

    Nahidə İbrahimova (tibb bacısı):
   1. Belə abidələrin qoyulması milli təfəkkür baxımından çox əhəmiyyətlidir. Hər bir kəs yaşadığı tarixi bilməli, heç vaxt unutmamalı və uşaqlarına, gələcək nəsillərə çatdırmalıdır ki, onlar öz siyasət və həyatlarını quranda hər şeyi nəzərə alsınlar.
   2. Abidənin qoyulmasına yaxşı baxıram. Gec də olsa, əsas odur ki, belə abidələr ucaldılsın.
   
   Rauf Ələkbərov (müəllim):
   1. Belə abidələrin milli təşəkkür baxımından əhəmiyyətini mən danmıram. Elə götürək namərd qonşularımızı. Olmayan, yaşanmayan, uydurduqları “tarixlərinə abidələr” belə qoyurlar. Özü də təkcə öz ölkələrində deyil, dünyanın hər yerində. Hamını da məcbur edirlər ki, gedib ziyarət etsinlər, gül qoysunlar. Onlar qədər oyanıq olsaydıq, nə dərdimiz olardı ki?!
   2. Abidənin 20 il sonra qoyulması barədə isə...pis yatsaq da, yaxşı oyandıq! Buna da şükür...
   
   Elçin Paşayev (təqaüdçü):
   1. Şəhidlik elə bir zirvədir ki, onu fəth etmək hər kəsə nəsib olmur. Vətən uğrunda canından keçən insana hörmət etmək isə hər bir millətin borcudur. Birinci Qarabağ müharibəsində, istərsə də 20 Yanvar hadisələrində kifayət qədər şəhid verdik. İndi onların adı kimi, abidələri də, qəbirləri də hörmətlə yad edilir.
   2. Bu abidənin 20 il sonra qoyulması, lap elə yer seçimi də məni narahat edir. Bu yer, yəni “20 Yanvar” metro-stansiyasının yanı, ətrafının təmizliyi məni açmır. Bu təmizlik qətiyyən heç kəsi maraqlandırmır. Hələ, indi təmir-bərpa gedir. Yəqin açılışa kimi səliqə-sahman yaradılacaq. Amma mən düşünmürəm ki, sonra buralar təmiz olsun. Nə əhali özü təmizliklə maraqlanandır, nə də əksər məsul şəxslər...
   
   Hikmət Eyvazov (müəllim):
   1. Abidələrin qoyulması əhəmiyyətlidir. Hər bir şəhərin, ölkənin tarixində hörmətə layiq olan şəxslərə, hadisələrə abidələr ucaldırlar.
   2. Zaman baxımından gecikmiş addım kimi dəyərləndirirəm. Çoxdan qoyulmalı idi. Şəhidlərin xatirəsinə ucaldılan abidənin məkan baxımından seçimi də yaxşı alınmayıb. Burada, bilirsiniz ki, ticarət obyektləri, alış-satış məntəqələri var. Belə yerdə təmizlikdən söhbət gedə bilməz.
   
   Qalib Nuriyev (taksi sürücüsü):
   Abidə də qoyulmalıdır, körpü də tikilməlidir, bina da ucaldılmalıdır. Amma olmazmı ki, bu abidə də elə körpü tikintisi zamanı hazırlanardı?! Burada hər zaman “probka”dı. İndi daha betər olub.
   1. Bəli gecikiblər bu abidəni ucaltmağa. Gərək bu məsələ çoxdan həll olaydı.   

    Lamiyə Sultanzadə (təqaüdçü):
   1. Abidənin qoyulması əhəmiyyətli və vacibdir. Demək istəyirəm ki, vətənin başını uca edən onun azadlığı uğrunda canlarından keçən şəhidləridir. Azərbaycan xalqı ağlamalı deyil, fəxr etməlidir ki, onun belə igid övladları olub. Qan tökmədən azadlıq əldə etmək olmur. Qoy bütün dünya bilsin ki, biz istədikdə, canımız bahasına belə olsa da, azadlığımıza nail olmağa qadirik.
   2. Geciksə də, əsas odur ki, belə abidə ucaldılsın.
   
   Almaz Səlimova (evdar qadın):
   1. Əhəmiyyətlidir. Ucaldılsın.
   2. Yox, məncə, doğru zamanda ucaldılır. Gecikməyib. Baxın, 20 Yanvar, 20 il sonra...
   
   Nazilə Qəhrəmanova (tələbə):
   1. Belə abidələrin ucaldılması önəmlidir. 20 Yanvar gününü, o günün qurbanlarını sadəcə ildönümündə deyil, həmişə xatırlamaq hər bir azərbaycanlının borcudur. Hər bir valideyn o xiyabanın tarixini övladlarına danışmalıdır, onun həm hüzn, həm intiqam, həm də qəhrəmanlıq simvolumuz olduğunu gələcək nəsillərə çatdırmalıdır.
    2. 20 Yanvar hadisəsi sovetə qarşı baş qaldıran üsyanlar silsiləsinin hissələrindən biri idi. Geciksə də, bu abidənin ucaldılması millətin mənəviyyatının ucalması deməkdir.
   
   Turan