Ey «kiçik çillə» günəş gətir!!!
   
   Deyəsən, hamımız qətiləşdirmişdik ki, bu qış qar üzü görməyəcəyik. Amma iki gün əvvəl, axşam saatlarında güclü külək özü ilə gətirdiyi qarla paytaxtı bəzədi. Gecədən yağan qar Bakını hələ ki, iflic vəziyyətə salmasa da, bizim qışa hər hansı şəkildə hazır olmamağımız yenə də üzə çıxdı. Əslində metereologiya məlumatlarını ilk növbədə dinləməli olan təşkilat məhz həmin gecə “müharibəyə” hazır olmalı idi. Yəni heç olmasa şəhərin strateji, sıx istifadə edilən yollarının buz örtüyünün cənginə keçməməsi üçün tədbirlər görülməli idi. Lakin qar başlayandan cəmi 3-4 saat sonra marşrut avtobuslarının hərəkəti çətinləşdi, hərəkət iflic vəziyyətə düşdü. Gözləmək olardı ki, ən azı səhər tezdən yollar uğrunda, vətəndaşın rifahı üçün yoltəmizləyici maşınlar buzlaşmaya qarşı hərəkətə gətiriləcək. Lakin mənzərə qar kimi aydındır. Şəhərin Yasamal, Alatava, Badamdar və bir sıra başqa ərazilərində ümumiyyətlə avtomobillərin hərəkəti mümkünsüz hala gəlib. Qaraçuxurdan yola düşən qəzetimizin dizayneri isə 45 dəqiqə piyada yol qət etdiyini xəbər verdi. Fəhlə prospektində isə iki təmizləyici maşının ümumiyyətlə işsiz dayandığını görürəm. Halbuki, bu prospektdə kifayət qədər nəqliyyat hərəkət etməkdə çətinlik çəkir. O dərəcədə ki, marşrutlarda insan sıxlığı problemə çevrilib. Qəza vəziyyətinə isə hər yerdə rast gəlmək mümkündür. Cəmi 3-4 gün əvvəl yollarda hakim olan “QAİ”şiklər isə heç gözə dəymir. Halbuki, bu gün onları sürücülərə kömək məqsədilə səfərbər etmək olardı. Arabir patrul polisinin saz vəziyyətdəki avtomobillərindən düşmədən verdiyi təskinliksayağı xəbərdarlığını - «ehtiyatlı olun», «vətəndaş, yolun kənarı ilə, görmürsən maşınlar sürüşür!!!!!!!!!» - çıxsaq sürücülərin sevimli yol-daş-ları qəhətə çıxmışdılar.
   Yollarda əsas problemlərdən biri də avtobus dayanacaqlarının lazımi qədər olmamağıdır. Avtobus gözləyən sərnişinlər qardan daldalanmağa bir yer axtarırlar. Səkilərin qeyri-standart olması da sakinləri təhlükəylə üz-üzə qoyur.
   Bu məqamda metronun insanları bombadan qoruyan sığınacaq missiyasını icra etdiyini desək, yanılmarıq. Piyada yollar qət edən insanlar metroya daxil olmaqla mənzil başına çata biləcəklərini söyləyirlər. Mağazaların qabağına döşənmiş müxtəlif materiallardan, xüsusən mərmərdən olan örtüklər şaxta zamanı xüsusilə təhlükəlidir. İşdi-şayət ayağına sahib çıxa bilməsən, bütün qışı sarğıda keçirmən şərt olacaq.
   “Həyəcanlı xəbərlər” isə davam edir. İnsanlar elektrik enerjisi, qaz və su problemindən əziyyət çəkirlər. Şəhərin mərkəzində belə binalara verilən istilik şamla qızınmağa oxşayır.
   
   Buz kimi soyuq münasibət
   
   Qar sevinc bəxş etdiyi kimi, narazı insanların haqlı münasibətləri ilə də bizi üz-üzə qoyur. Bu sırada çörəyini elə qarlı, buzlu yollardan çıxaran sürücülər üstünlük təşkil edirlər.
   Məsələn, 95 saylı marşrut avtobusunun sürücü İsmayıl Əliyev iritutumlu nəqliyyatın hərəkət imkanının daha çətin olduğunu, yollarda isə hələlik heç bir tədbir görülmədiyindən şikayətlənir. «Bəlkə də eləyəcəklər, amma çətin. Yenə keçən, ilki kimi sürüşə-sürüşə hərəkət edəcəyik. Qışda avtomobil saxlamaq da çətin işdir. Tez-tez radiatorun suyu donur. Palçıq olanda isə avtomobilin altına yapışan palçıq dəmir hissələrin çürüməsinə səbəb olur. Marşruta çıxırsan belə, çıxmırsan insanlar yolda qalır».
   Bu arada marşrutsuzluqda kəllə-çarxa çıxan taksi qiymətlərindən də danışaq. Heç taksometrin nə olduğunu belə bilməyən və adi halda 3 manata mənzilbaşına çatdırdığı sərnişinə 3 santimetrlik qardan dolayı 3 qat yuxarı, dondurucu qiymət oxuyan bu qisim sürücülər də gileylidir. Sakit Məmmədov keçən il də yaşadığımız problemlərin bu il də yaşanacağını deyir. «Çünki heç bir tədbir görülmür. Sürüşmənin qarşısını almaq üçün maşın təkərlərinə bağlanan zəncir də bir-iki həftə istifadə olunduqdan sonra sıradan çıxır. Hər dəfə dəyişmək də adamda pul qoymur. Ona görə xarici ölkələrdə olduğu kimi yollar qum və ya duzla təmizlənməlidir. Amma keçən il cəmi bir dəfə gördüm ki, yollara qum səpirlər. Qar əridikdən sonra da qum elə yoldaca qalır. Onu təmizləyən də olmur».
   Qara qara bağlayan, onun gözəlliyindən çox gətirdiyi qayğılara baş sındıran şəhər sakinləri, yolda marşrut yolu gözləməkdən gözünün kökü saralan piyadaları da dinləsək yerinə düşər.
   
   Səbinə Əhmədova - piyada:
   Mən belə düşünürəm ki, bu il də həmişə olduğu kimi yollar hokkey meydançası olacaq. Əlimizə bir ağac alıb asanlıqla hokkey oynaya biləcəyik. Qar yağanda, yollar buz olanda avtomobillər birtəhər, zəncir taxmaqla və başqa cür hərəkət edə bilirlər. Bəs biz piyadalar neyləyək? Biz də ayaqlarımıza zəncir taxaq? Bu il yollar buz bağlayanda heç olmasa səkiləri buzdan təmizləsələr çox yaxşı olar
   
   Müşfiq Əliyev - piyada:
   Mən tələbəyəm. Qışda universitetə gedib-gələndə yollarda əziyyət çəkirəm. Dəfələrlə sürüşüb yıxılmışam. Ən pisi də odur ki, sənin qarşında kimsə yıxılsın. Oxuduğum bir xəbərə görə Bakıya çoxlu qartəmizləyən maşınlar gətirilib. Amma hələ də o maşınların fəaliyyətini görməmişəm...
   
   Hava dəyişikliyi və qış macərası davam edəcək
   
   Bakı həmişəki kimi bu qışa da hazır deyil. Bu barədə yəqin ki, kiminsə höcət etməsi də yersiz olar. İnanmayan məmur isti otağındakı yumşaq kreslosundan astaca qalxıb pəncərədən aşağı boylansın, vəssalam.
   Sinoptiklərin verdiyi məlumata görə, belə hava şəraiti bir neçə gün də davam edəcək. Hazırda Bakıda havanın temperaturu -3 dərəcədir. Hə, bir də deyim ki... Tezliklə yaz gələcək. O vaxta qədər bir az sürüşək, bir az sür-sümüyümüzü sındıraq, dözümümüzü, əsəbimizi sınağa çəkək. Yəqin ki, Allahın bu buz kimi münasibətdən buza dönən bəndələrinə yazığı gələr və fevralı bizə günəşlə göndərər. Bilmirəm “kiçik çillə”də qar əvəzinə günəş deyənə dəli deyərlər, ya ağıllı. Amma arzudu da...
   
   Sabutay