«Yer üzündə yalnız bir dövlət olsaydı paytaxtı İstanbul olardı»
   Napoleon Bonapart
   
   Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, Avropa və Asiyanın kəsişməsində qərar tutan əsrarəngiz İstanbul. Roma, Bizans və Osmanlı kimi üç böyük imperiyanın 2000 ildən artıq müddətdə paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər-muzey... İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyilmiş. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan Bizans və Osmanlıdan qalan əsərlərini yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımmış. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən. Qardaş ölkənin ən böyük şəhərinə ilk dəfə ayaq basdığımdan məndə yaranan ilk təəssürat belə oldu. Napoleon Bonapart heç də yanılmayıb.
   
   
   Şəhri-İstanbul özünü dünyaya xatırladır
   
   2010-cu ildə «Avropanın mədəniyyət paytaxtı» olan İstanbul dünyanın dörd bir tərəfindən gələn ziyarətçilər və tədbirlərlə dolu bir il keçirir. Şəhər öz tarixini, mədəniyyətini, əsrlərlə topladığı dəyərləri bir daha dünyaya nümayiş etdirərək dinindən, irqindən asılı olmayaraq insanları bir araya gətirir. Şəhri-İstanbul nə qədər zəngin olduğunu bütün dünyaya bir daha xatırladır.
   İstanbula səfərim də elə bu möhtəşəm hadisə - «İstanbul - Avropanın paytaxtı- 2010» ili çərçivəsində düzənlənən Beynəlxalq Kulinariya Festivalı ilə bağlı idi. Zəngin türk mətbəxini dünyanın digər mətbəx mədəniyyətləri ilə bölüşmək, Türkiyə aşpazları ilə dünyanın məşhur aşpazları arasında təcrübə mübadiləsini təmin etmək, ən əsası, əcnəbi turistlərin ölkəyə cəlbi məqsədilə 18-21 martda İstanbulun Beylükdüzü-Tüyap Fuar Mərkəzində Beynəlxalq İstanbul Kulinariya Festivalı düzənləndi. İtaliya, Fransa, İspaniya, İsrail, Misir, Dubay, Serbiya, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan mətbuat nümayəndələrinin izlədiyi festival rəngarəng tədbirlərlə yadda qaldı. Beləliklə, İstanbul 4 gün ərzində dünya kulinariyasının mərkəzinə çevrildi.
   Türk mətbəxini, beynəlxalq mətbəxi və eləcə də, türkiyəli aşpazlarla dünya aşpazlarını bir araya gətirən festivalın açılış mərasimi martın 18-də baş tutdu.
   
   Minlərlə aşpazın paylaşdığı səhnə
   
   Bütün Aşpazlar Federasiyası tərəfindən təşkil olunmuş müsabiqədə Türkiyə, Azərbaycan, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları, Albaniya, Özbəkistan, Latviya, Rumıniya, Almaniya, Bolqarıstan, Rusiya, Xorvatiya, Misir, İsrail, Hindistan, Monqolustan, Yunanıstan, Serbiya, Şimali və Cənubi Kiprdən aşpazlar iştirak edirdi. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində «Beynəlxalq Kulinariya Festivalı» adı altında keçirilən bu tədbir Türkiyədə 2003-cü ildən gerçəkləşməyə başlayıb. Elə həmin ildə öz milli mətbəxini də yaradan qardaş ölkə artıq səkkizinci ildir ki, tədbirə ev sahibliyi edir və festivala maraq ildən-ilə artmaqdadır. Məsələn, ötən illə müqayisədə iştirakçıların sayı 10 min nəfər idisə, bu il artıq 15 min nəfərə çatırdı.
   Festival çərçivəsində keçirilən müxtəlif müsabiqələrdən birincisi «Aşağı kurs tələbələrinin kateqoryiası» oldu. Türkiyə və dünyanın müxtəlif kulinariya məktəblərindən gələn aşpazların sərgidə nümayiş etdirdikləri əl işləri iştirakçıların diqqəti özünə cəlb etməklə yanaşı, həm jürinin, həm də tamaşaçıların alqışlarına səbəb oldu. Yarışma 59 kateqoriyada keçirilirdi. Bəlli oldu ki, yarışa qatılan aşpaz həm də beynəlxalq mətbəxi bilməlidir. İştirakçı ölkələr arasında bu dəfə ən böyük fəallığı Cənubi Koreya göstərdi. Azərbaycana gəlincə, kulinarlarımız haqqında yalnız xoş sözlər eşitmək olurdu. Doğrudur, onlardan bəziləri həyəcanlı olduqlarını da deyirdilər. Amma ümumi nəticə ürəkaçan oldu.
   
   Şokolad heykəllər, naxışlı balqabaqlar
   
   Mətbəx incəsənəti törənində daha çox maraq doğuran xüsusi zövqlə bəzədilmiş və üzərində muzey eksponatlarını xatırladan, ancaq ərzaq məhsullarından hazırlanan yemək və şirniyyat nümunələrinin yer aldığı ikinci zal idi. Buraya gələn hər bir ziyarətçini memarlıq abidələrini xatırladan, yağdan, şokoladdan və şirin xəmirdən hazırlanmış heykəllər cəlb edirdi. Məsələn, şokoladdan hazırlanan Topqapı sarayı, toy səhnəsi, sevgi ilahələri... Daha heyrətamiz olan isə buzdan hazırlanan böyük heykəl idi. Bu zalda ən çox diqqəti cəlb edən balqabaqlar üzərinə vurulan xüsusi bəzək və naxışlar oldu. Xüsusi ustalıqla hazırlanan bu əl işləri sənət əsəri kimi heyrət doğururdu. Müəlliflərlə maraqlandıqda onların Antalya və Ağdəniz bölgəsindəki hotellərdə naxış və bəzək vurmaqla məşğul olduqlarını öyrəndik. Müsabiqəyə gəlincə, digər yarış iştirakçılarından fərqli olaraq onlar kiminləsə yarışmırlar, gördükləri işin keyfiyyətinə görə medal qazanırdılar.
   Festivalda Türkiyə Aşpazları Komandasının kapitanı kimi təmsil olunan Ümid Yüksəlin bildirdiyinə görə, modern türk mətbəxinin ideyası yeməkləri əski görüntüdən qurtarıb müasir dizayn verməkdir: «Kulinariya 15 il əvvəl Türkiyədə yeni-yeni başlamışdı. Amma indi ən yaxşı əməkhaqqını baş aşpaz alır. Azərbaycanda da dövlət aşpazlara daha çox dəyər verməlidir. Ölkənizdə çox gözəl plov növləri var, amma onlar dünyaya təqdim olunmur. Bunları təqdim etmək və ölkəni tanıtmaq lazımdır»
   
   «Mətbəxlərimizə siyasəti buraxmırıq»
   
   Martın 21-də başa çatan festivalın təntənəli bağlanış mərasimi «Wow» hotelində düzənləndi. Beləcə, qala-tədbirdə dünyanın baş aşpazları dörd günlük rəqabət və həyəcandan sonra ödüllərini aldılar. Bununla da Türkiyə 15 min nəfərin iştirakı ilə keçirdiyi festivalda öz ölkəsinin tanıdılması istiqamətində bir daha önəmli addım atmış oldu. Festivalda mətbəx mədəniyyətindən yaranan və uzun illərdir ki, dünyaya yayılan dostluğun daha da genişləndiyi göründü. Türk Aşpazları Milli Komandasının kapitanı Ümid Yüksəl və İsrail Milli Komandasının kapitanı Hay Şvartz birlikdə yemək hazırladılar. Dünya mətbəxlərində dostluğun yaşandığını bildirən kapitanlar: bizlər mətbəxlərimizə siyasəti buraxmırıq, - dedilər.
   Fərqli kateqoriyalarda keçirilən yarışmada birinci yeri Türkiyə Aşçılar Milli Komandası tutdu. Ümid Çelikkaya, Özgür Akarsu, Erol Varlıkdan ibarət komanda Türkiyəyə qızıl medal qazandırdı. Eyni kateqoriyada gümüş medalı Misir, Rusiya, Şimali Kipr, Moldova, Serbiya komandaları aldılar. Bürünc medalı Koreya, İsrail, Çernoqoriya, Cənubi Kipr, Yunanıstan, Albaniya, Bolqarıstan komandaları paylaşdılar.
   Azərbaycana gəlincə, komandamız bürünc medal alsa da, iştirakçılardan ayrı-ayrılıqda Əli Verdiyev, Nazim Mustafayev, İslam Seyidəliyev və digərləri ölkəmizə qızıl, gümüş və bürünc medallarla qayıtdılar.
   Tədbirin sonunda çıxış edən Türkiyə Bütün Aşpazlar Federasiyasının prezidenti Yalçın Manav, festivalı Türkiyənin mətbəx mədəniyyətinin, baş aşpazlarının və mətbəxinin dünyaya inteqrasiyası baxımından önəmli addım kimi dəyərləndirdi: «Biz uzun illərdir ki, qurduğumuz və qoşulduğumuz təşkilatlarla Bütün Aşpazlar Federasiyası olaraq ölkəmizi ən yaxşı formada təmsil edirik. Bu inkişaf hər il olduğu kimi növbəti illərdə də artacaq və türk mətbəxi dünyada istədiyimiz yeri tutacaq».
   Beləcə, «mətbəx mədəniyyəti» dediyimiz bir nəsnə milliyyətindən, dinindən, irqindən asılı olmayaraq insanları şəhri-İstanbulda bir araya gətirdi. Dörd gün ərzində insanların elə bu mədəniyyətin dili ilə ünsiyyət və dostluq yaratmaları bir daha mədəniyyətlərarası dialoqun mümkünlüyünü isbatladı. İmperatorluqların paytaxtı, qos-qoca İstanbul bu missiyanın öhdəsindən uğurla gəldi.
   
   Mehparə
   Bakı-İstanbul-Bakı