Paytaxtımızın gözəlliyi və təmizliyi bizdən qayğı, diqqət və mədəniyyət tələb edir
   
   Dünyanın ən gözəl şəhərlərindən olan, tarixi-mədəni zənginliyi ilə yanaşı, çağdaş inkişafı, ultramüasir tikililəri, yenilən park və bağları, küçə və meydanları ilə gözoxşayan Bakıya minlərlə xarici turist gəlir. Bəs Bakının mədəni mühiti və ictimai istirahət infrastrukturu buraya gələn qonaqları, eləcə də paytaxtımızın sakinlərini nə dərəcədə özünə cəlb edə bilir? Bu suala cavab tapmaq üçün növbəti şəhər gəzintisinə yollandım.
   
   
   Bakının pasportu
   
   Sirr deyil ki, Bakını gəzib-görmək istəyən hər bir kəs onunla ilk tanışlığa tarixi yaşı 100 ili haqlamış dənizkənarı bulvardan (Milli Park) başlayır. 1909-cu ilin yazında Bakı Dumasının iclasında bələdiyyə tikinti şöbəsinin müdiri Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə Bakı bulvarının salınması layihəsi həyata keçirilir. Əhalinin asudə vaxt keçirməsi üçün köhnə Bakı bulvarı salınır. İllər ötür, bulvarımız dəyişir...və elə bu gün yenilənməkdə davam edir. Al-əlvan çiçəklər, yeni fontanlar, attraksionlar bulvarın gözəlliyinə başqa bir rəng qatır. Bir vaxtlar əyləşməyə ehtiyat etdiyin sınıq-salxaq skamyalar indi yeniləri ilə əvəzlənib. Hələ əylənmək istədiyin, amma yıxılıb qol-qabırğanı sındıracağından qorxduğun karusellər indi tam yeni və əyləncəli attraksionlarla əvəzlənib.
   Almaniyadan gətirilmiş xüsusi zibiltəmizləmə texnika vaxtaşırı təmizlik aparsa da, bəzən bizlər təmizliyə riayət etmirik. Bulvar boyunca sahil sularında üzən salafan klyoklar, siqaret qutuları, şirə qabları gözdən yayınmır. Hətta zibil qutularının olduğu yerlərdə belə zibili dənizə tullamaq, təəssüf ki, çoxlarına xas hərəkətdir.
   Məşhur “Mirvari” kafesi yeni görkəmdə sanki adamı keçmişə aparır. Özündə müasirliklə keçmişin vəhdətini birləşdirən “Mirvari” estetik gözəlliyi ilə Bakı gecələrinə xüsusi bir rəng qatır.
   
   Əliniz cibinizdə olsun!..
   
   İlin bütün fəsillərində qonaqlı-qaralı olan bulvar xüsusilə yaz və yay aylarında daha çox adamlarla qaynayır. Əgər həftə sonları yaxınlarınızla burda dincəlmək könlünüzdən keçirsə, o zaman əliniz cibinizdə olsun... Özü də elə-belə yox... İşdir, birdən övladınız avtodromda maşın sürmək, “şeytan təkəri”nə minmək, heyvan fiqurlu karusellərdə əylənmək istərsə, o zaman hər birinə 2 manat ödəməli olacaqsınız. Yox, işdir, könlünüzdən yemək, çay içmək və s. keçsə, adi qiymətindən 2 dəfə çox pul ödəyib gözünüzün qurdunu öldürə bilərsiniz. Məsələn, 40 qəpiklik qazlı suya deyinə-deyinə “Niyə belə bahadır?” -deyib, 60-70 qəpik, pop-korn və pambığa 50 qəpik, kafelərdə 1 çaynik çaya isə 5-10 manata qədər pul xərcləyə bilərsiniz. Kafelərdəki bahaçılığın səbəbi isə, sahiblərinin dediyinə görə, icarəhaqqının yüksək olması ilə bağlıdır.
   
   Nostalji
   
   Faytonların sarı paravozlarla əvəz edilməsindən yəqin xəbəriniz var. Bu paravozlar kiminə görə xoş, kiminə görə isə qəbulolunmazdır. Hər həftə sonu dənizin sahilinə hava almağa gələn 67 yaşlı təqaüdçü Sənubər xanım öz təəssüratlarını bizimlə belə bölüşür: “Şəhərin gün-gündən abadlaşdırılması təqdirəlayiqdi. Burda mənim uşaqlıq illərim keçib. O vaxt ki zaman başqa idi. Heyif burdakı faytona qoşulmuş atlardan. Bakının köhnəliyini onlara baxıb hiss etmək olurdu”.  

   Qaydalar onları pozmaq üçündür?..
   
   Milli Parkda salınmış yaşıl qazonların üstündə velosiped və ayaqqabı işarəsi ilə xəbərdarlıq etsələr də, bizlər yenə də “sən çaldığını çal, mən elə heyvagülü oynayacağam” -deyib, qaydaları pozuruq. Belə ki, həmyaşıdlarımdan biri yolunu qısaltmaq üçün asfalt yoldan imtina edib yaşıl otların üstündən keçir. Çox qəribədir ki, qadağan olunmuş işarələrə qarşı əks hərəkət etmək sanki bizlərin qanına işləyib.
   
   Toz-torpaq içində...
   
   Milli Parkdan mərkəzi küçələrə (Torqovıy) üz tutub şəhərin mədəni mühiti ilə tanış olmaq istəyirsənsə, burda tam başqa ab-havanın şahidi olacaqsan.
   “Azərbaycan” kinoteatrı yenə hansısa bir əcnəbi filmin posterini reklam edərək tamaşaçı cəlb edir. Filmə biletin qiyməti isə 10 manatdır. Təbii ki, ailəvi gəlib film seyr etmək çoxlarının arzusu olsa da, yüksək qiymətlər bu arzunu ürəkdə qoyub evdə filmə baxmaqla kifayətləndirir. Amma hər şeyə rəğmən buranın şəhərdəki muzey, teatr və s. mədəni obyektlərlə müqayisədə daha çox tamaşaçı, insan kütləsi cəlb edə bildiyini deyə bilərik.
   Günorta vaxtı olsa da, şəhərin işıqları yanır. Yolların kənarında cərgə ilə düzülmüş işıq dirəklərindən aləmə işıq saçan sarı rəngli lampalar, deyəsən, gecəni gözləməyə səbir edə bilməyib... Buna deyərlər, işığın lazımsız yerə israfı...
   Bu məsələyə ötən yazılarda toxunsaq da, bir daha qayıtmaq istəyirik. Belə ki, parklarda, əyləncə mərkəzlərində uşaqları əyləndirmək üçün dəridən-qabıqdan çıxan cizgi film qəhrəmanları hələ də natəmiz vəziyyətdədir. Uzaqdan üstündəki çirki gəl-gəl deyən cücələr, telepuziklər bəlkə də ən böyük mikrob daşıyıcılarıdır...
   Bu aralar mərkəzi küçələrdə gəzib dincəlmək də bir problemə çevrilib... Məlum təmir məsələsi gəzinti marağını elə yerindəcə boğur. Getdiyin yerdə təmir edilən eyvandan, yaxud divardan üstünə hər an palçıq, daş düşmə təhlükəsi qaçılmazdır. Təmirin gətirdiyi narahatçılıq hamımızı usandırsa da, bütün bunların bizim rahat dincəlib istirahət etməyimiz üçün olduğunu da unutmamalıyıq.
   Gün-gündən gözəlləşən şəhərin daha da əsrarəngiz olacağını seyr etmək üçün isə bizə səbir edib gözləmək qalır. Bir də ki, paytaxtımızın gözəlliyi və təmizliyi üçün sakin olaraq bizlərdən də diqqət, qayğı və mədəniyyət tələb olunur...
   
   Yeganə Cansail