(Əvvəli ötən sayımızda)
   
   ...Roland bazarlıq etdi. O, meyvə, qab-qacaq və sair aldı. Əslində ucuz mağaza olsa da, Azərbaycana baxanda xeyli bahalıq idi. Məsələn, Bakıda 10 dollara satılan Çin istehsalı mal Vaşinqtonda 65 dollaradır.
   Ticarət mərkəzindən çıxıb Rolandın toz basmış maşınına əyləşdik. Düzü, bu koreyalının səliqəsizliyi ilk andan xoşuma gəlməmişdi. O, bizi şəhərdən çox kənarda olan evinə gətirdi. Əşyalarımızı içəri daşıdıq. Ev çox səliqəsiz idi. Otaqlarda yataq taxtı yoxuydu. Belə çıxırdı ki, Rolandın yenicə aldığı döşəkləri döşəməyə salıb yatmalı olacağıq. Mən geri qayıtmağı və proqram rəhbəri ilə görüşməyi qərara aldım. Rolandın telefonu ilə Lətifə xanımın qaldığı evə zəng etdim.
   Lətifə Məmmədova tələsmədən “Beynəlxalq ev”ə qayıdıb proqram rəhbəri olan Lara ilə görüşməyimizi məsləhət bildi. Tərcüməçi-müşayiətçimiz Kənan Rolanda “Beynəlxalq ev”ə getmək istədiyimizi bildirdi. Roland da bizimlə birlikdə evə gəldi.
   Mən proqram rəhbəri Laraya Rolandın evində qala bilməyəcəyimi bildirdim.
   Lara əl-ayağa düşmüşdü. Rolandın kefinə dəyməmək üçün çox ehtiyatla hərəkət edirdik. Bizə yeni bir ev sahibi olaraq Ömər adlı ərəb sürücü tapıldı. Elçin Hüseynov isə Kənanla bir evdə Tomas adlı bir menecerin evində qalası oldu. Mən Vasiflə Ömərin «Linkoln” markalı maşınına əyləşib yola düzəldik.
   Evə çatdıq. Bu əslində ev yox, böyük bir qəsr idi. Qapını gözəl bir qadın açdı, «Xoş gəlmisiniz», dedi. Biz evə girəndə ayaqqabılarımızı soyunduq. Ev sahibi xahiş etdi ki, soyunmayın. Sonra bildik ki, düz etmişik. Ömərgil də ayaqlarını soyunmuşdular. Amerikalılar əsasən evdə ayaqqabı ilə gəzirlər.
   Ömər bizi həyat yoldaşı və oğlu ilə tanış etdi. Evin ikinci mərtəbəsində hərəyə bir otaq ayırdılar. Şərait çox yaxşı idi.
   Ömər bizə çay içməyi təklif etdi. Biz buradan gedəndə özümlə müxtəlif suvenirlər alıb aparmışdım. İçərişəhər, Azərbaycanın xəritəsi təsvir edilmiş suvenirləri ev sahibinə hədiyyə etmək üçün hazırlamışdım. Vasif müəllim isə ölkəmizin cənub bölgəsi ilə bağlı məlumat kitabını, Lənkərandan apardığı limonu və stolüstü bayrağımızı götürdü.
   Biz hədiyyələri də götürüb aşağı düşdük. Səliqəli hazırlanmış stolun ətrafında əyləşdik.
   Bir qədər sonra Ömər həmin otaqdan arvadı ilə çıxıb gəldi. Barda çoxlu sayda içkilər var idi. Bizə çay süzüldü. Söhbət əsnasında Ömər Dağlıq Qarabağ məsələsindən xəbərdar olduğunu dedi. Livanda yaşayan Levon adlı bir erməni dostunun olduğunu da bildirdi. Sonra bufetdən erməni konyakını götürüb bizə göstərdi. Dedi ki, bu konyakı da Levon ona hədiyyə edib.
   Bu arada biz Ömərə Azərbaycan haqqında, Ermənistanın torpaqlarımızı işğal etməsi barədə xəritələrlə məlumatlar verdik. Vasif müəllim Lənkərandan apardığı limonları ona verdi və bu məhsulun Azərbaycanın Lənkəran bölgəsində yetişdirildiyini dedi. Ömər Amerikada bir limonun 10 dollara satıldığını deyərək həyat yoldaşını çağırdı və hədiyyələri ona verməyimizi xahiş etdi.
   Ömərin həyat yoldaşı Sana İçərişəhərin simvolik suvenirini böyük məmnuniyyətlə qəbul etdi. Sonra Vasif müəllim Lənkəran xanının evinin rəmzi olan suveniri və Azərbaycanla bağlı iki kitabı bağışladı. Mən üstündə Azərbaycan yazılmış suvenir xalçanı da qadına verdim. Sonra Vasif müəllim stolüstü Azərbaycan bayrağını ev sahibinə təqdim etdi. Ömərin həyat yoldaşı o dəqiqə “flaq, Azərbaycan” dedi. Həmin anda özgə torpaqda, yad ölkədə olsam da, özümü qürurlu və güclü hiss etdim. Vasiflə bir-birimizə baxdıq. Biz bayrağımızla güclü idik. Ömər bayrağı götürüb baxımlı yerdə, barın qarşı tərəfində olan stolun üstünə qoydu.
   Sonra Ömərlə söhbət etdik. Özümüzlə götürdüyümüz lüğət karımıza gəlirdi. Ömərin 55 yaşı olduğunu öyrəndik. Öyrəndik ki, üç uşağı var: iki qız (23 və 21 yaşında) və bir oğlan 16 yaşında.
   Azərbaycanın xəritəsini Ömərə göstərdik. Qarabağın yerləşdiyi yer, sərhədlərimiz barədə onu əlavə olaraq məlumatlandırmağa çalışırdıq. Ömər evin bir tərəfində qoyulmuş kompyuterə yaxınlaşdı. Biz Lənkəran kitabxanasının saytını açıb Ömərə göstərdik. Ömər şəkillərə heyranlıqla baxdı və çox təəssüfləndi ki, məlumatlar ingilis dilində deyil. Doğrudan da, düşünməyə dəyər. Saytda ulu öndər Heydər Əliyevin şəkli var idi. Ömər böyük sevgi ilə şəkli göstərdi və Heydər Əliyevi tanıdığını, onun böyük müsəlman siyasətçisi olduğunu söylədi. Ömərlə bir xeyli söhbətləşib yatmağa getdik.
   Hərə öz otağına çəkildi. Bu evdə çoxlu otaqlar var idi. Mənim yatdığım otağın divarında “Qurani - Kərim”dən ayələr əks olunmuş yazılar asılmışdı.  

    8 may 2010 - cu il
   
   Ertəsi gün səhər saat 6-da oyandıq. Birinci mərtəbəyə düşdük. Ömər evin arxasına açılan qapının ağzında idi. O, “Salaməleyküm” deyib bizə həyəti göstərdi.
   Həyətin eni-uzunu cəmi 10-15 metr olardı. Burada pomidor, xiyar, lobya əkilmişdi. Əvvəldən bilirdim ki, bu bitkilərin adı ərəblərdə də bizim dildəki kimidir. Odur ki, mən bitkilərin adını sayanda Ömər heyrətləndi. Arvadını səslədi və bizim dildə də bitkilərin adının eyni olduğunu bildirdi. Ömərə dilimizdəki ərəb mənşəli sözlər haqqında danışdım.
   Çay içib, evdən çıxdıq. Ömər dünəndən razılaşdığımız kimi bizi Tomasın evinə, Kənanla Elçin müəllimin yaşadığı mülkə qoyub getdi. Kənangil yuxudan oyanmışdılar. Ev sahibi Tomas isə yatırdı. O, həmin gün işə getməyəcəkdi.
   Bütün günü orada qaldıq. Proqrama uyğun olaraq Amerika həyat tərzi ilə tanış olmalı, adət - ənənələri öyrənməli idik.
   Saat 6-da Tomas bizi bir şənliyə - üzvü olduğu ailə birliyinin şərab bayramına apardı. Bu tədbir çox maraqlı keçdi.
   Axşam Ömər gəlib Vasif müəllimlə məni götürüb evə apardı. Artıq bu axşamkı söhbətlərdə onun xanımı və oğlu da iştirak etdilər.
   Ömərdən öyrənmişdik ki, o, Livandan köçüb gəlib. Orada çoxlu erməni dostları var. Ömər etiraf etdi ki, dünənə qədər söylədikləri erməni dostu Levondan və onun qohumlarından eşitdikləridir. Amma artıq onun fikri dəyişib və Azərbaycan haqqında daha çox öyrənmək istəyir. Arzusu da nə vaxtsa Azərbaycana gəlməkdir. Biz onu ailəsi ilə birlikdə Azərbaycanda qonaq qismində qarşılamağa hazır olduğumuzu bildirdik.
   Mən Ömərin oğluna Azərbaycan haqqında yazılmış bir neçə ingilis dilində kitab bağışladım. O, məktəbdə dostlarına bizim haqqımızda, ölkəmiz haqqında danışdığını söylədi. Bildirdi ki, sabah da bu kitabları aparıb dostlarına və müəllimlərinə göstərəcək. Amerikada ailə qonaqları haqqında fəxrlə danışırlar.
   Bizimlə söhbətə evin xanımı da qoşuldu. O da bağışladığımız “Azərbaycan mətbəxi” kitabından milli mətbəximiz haqqında öyrənmişdi. Qeyd etdi ki, elə bizdə də plov, yarpaq dolması, qovurma, basdırma kababı çox sevilən yeməklərdir. O, bizə yarpaq dolması təklif etdi. Qonaqlıqda çox yemişdik lakin Sananın könlünə dəyməmək üçün bir - iki tikə götürüb yedik. Əziyyət çəkdiyi üçün ev sahibəsinə təşəkkür etdik. Biz daha çox Azərbaycan, tarixi abidələrimiz, mədəni irsimiz, İslami dəyərlər, Azərbaycan-Amerika dostluq münasibətləri çərçivəsində söhbət edirdik. Dünəndən evdə heç nəyin yeri dəyişməmişdi. Azərbaycan bayrağı yenə əvvəlki yerində - evin ən görkəmli hissəsində idi. Ev sahiblərinə bağışladığımız suvenirlər də yanında.
   ...Səhər erkən olduğundan küçədə heç kim yox idi. Ətrafda ilk gözümüzə dəyən poçt qutusunun yanına qoyulmuş sellofan torbadakı qəzetlər oldu. Ömər demişdi ki, cəmi bir qəzetə illik abunə yazılıb, o da birja xəbərlərini dərc edir. Torbada poçt qutusunun yanına qoyulan qəzetlər isə pulsuzdur. Həmin qəzetləri firmalar pulsuz olaraq yayırlar. Ömər dedi ki, bu qəzetlər elan və reklamlar çap etməklə maliyyələşirlər. Reklam vərəqələrindən birində fotoaparat reklamı çap olunmuşdu. Vasif həmin reklamı götürdü. Çünki dünəndən yaxşı fotoaparat almaq istəyirdi.
   Küçədə səliqə-sahman diqqət çəkirdi. Hər evin qarşısında çox bahalı avtomaşınlar dayanmışdı. Ömərin də həyətində 4 maşın vardı. Onlardan ikisi Ömərin, o biri iki maşının biri arvadının, biri isə oğlunun idi.
   Vasif müəllim hobbisinə uyğun olaraq, bir videoçəkiliş apardı. Televiziya süjeti hazırlayırmış kimi hər şeyə diqqət yetirirdi. Mənim icmal xarakterli çıxışımı yazdı. Çıxışda axşamkı şərab bayramında olan hadisələri də yada saldım. Ətraf sakitlik idi, hərdən quşların səsi eşidilirdi.
   Ömər gülə-gülə evdən çıxdı və axşamdan ona öyrətdiyimiz “sabahın xeyir” ifadəsi ilə bizi səslədi. O, həmişəki kimi bəxtəvərcəsinə gülürdü. “Limuzini” işə salıb, bizə ətrafı göstərdi. Qırıq-qırıq kəlmələrdən başa düşdük ki, o ətrafdakı səliqəni bizə göstərir. Dünəndən vədələşdiyimiz kimi Tomasgilin evinə, Elçin müəllimin və bizim qrupun müşayiətçisi, çətinliyə düşəndə ingilis dilini işə salan Kənanın arxasınca yollandıq. Biz ora çatanda bildik ki, onlar hələ yuxudan oyanmayıblar. Ömər sakitcə evin qapısını döydü, Tomas nəsə dedi. Maşına qayıtdı, mənim oturduğum arxa oturacağın qarşısındakı ciblikdə olan cədvəli göstərib, nəyisə izah etməyə çalışdı. Kənan maşına minəndə ondan cədvəlin izahını bir daha Ömərdən soruşmasını xahiş etdim. Ömər izahat verdi ki, bu onun xidmət cədvəlidir. İş vaxtı onu sifarişlə evə çağıranda gecikilən hər dəqiqə üçün sifarişçi bir dollar ödəməlidir. Bu, Amerika dəqiqliyidir. Ömər zarafatla dedi ki, əgər adi vaxt olsa Elçin müəllim 15 dollar ödəməli olardı.
   Biz “Beynəlxalq ev”ə tərəf istiqamət götürdük.
   
   (Ardı var)
   
   Vaqif Alıyev,
   Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri