(Əvvəli ötən sayımızda)
   
   Maklenburq qraflığında bütün idarəçilik məsələləri seçki yolu ilə həll olunur. Qraflığın menecment və büdcə məsələləri üzrə direktoru Hyong Yi bizə yerli büdcə, onun formalaşma mənbələri və s. barədə ətraflı məlumat verdi. Məlum oldu ki, qraflığın illik büdcəsi 19 milyard dollardır və bu ümumilikdə Şimali Karolina ştatının büdcəsinin yarısını təşkil edir. Parkların və ictimai istirahət yerlərinin saxlanması üçün ildə 37 milyon dollar, kitabxana sahəsi üçün isə 34 milyon dollar vəsait ayrılır. Qraflığı idarə edən 9 nəfər komissar seçki yolu ilə seçilir. Komissarlar Şurasının sədri Cenifer Robertesin sözlərinə görə, yerli büdcə əsasən vergilər hesabına formalaşır. Ştatda çox sərt vergi qanunları fəaliyyət göstərir, çünki heç də hamı vergiləri könüllü və vaxtında ödəmək istəmir.
   Yerli büdcədə ən çox xərclər təhsil sahəsinə ayrılır. İkinci yeri səhiyyə xərcləri tutur. İncəsənət xərcləri isə büdcə təsnifatında 19-cu sıradadır. Bu sahə daha çox imkanlı şəxslərin yardımları (ianələr) hesabına maliyyələşir. Məsələn, Şarlotda çay kənarında tikilən su parkının xərclərini (təxminən 150 milyon dollar) yerli kilsələr ödəyir. Şəhərdəki teatrların maliyyə vəziyyəti isə ürəkaçan deyil. Teatr tamaşalarını da əsasən kilsələr maliyyələşdirir. Şimali Karolina ştatında musiqi təhsili verən xüsusi təhsil müəssisələri yoxdur. İlkin musiqi təhsili orta məktəblərdə verilir.
   Nümayəndə heyətimiz qraflığın Komissarlar Şurasının iclasında da iştirak etdi. İclasda növbəti ilin büdcəsi təsdiqlənməli idi. Tədbirin gedişi yerli televiziya vasitəsilə canlı yayımlanırdı. Əslində bu iclasda rəsmiyyət hiss olunmurdu. Kimisi söhbət edir, kimisi çay, kofe və ya şirə içirdi. Zalda cib telefonlarından istifadə edənlər də var idi. Bir sözlə, hərə öz işində idi. Ən çox canfəşanlıq edən isə qraflığın Mərkəzi Kitabxanasının direktoru Çarlz Brovn idi. O, israrla kitabxananın illik büdcəsinin azaldılmasına qarşı çıxırdı. İclasın gedişini yarım saat izlədikdən sonra zalı tərk etdik.
   Qrupumuzu müşayiət edən xanım Liz bizi kilsəyə və məscidə aparmaq istədiyini söylədi. Qərara gəldik ki, əvvəlcə yaxınlıqdakı alman kilsəsinə baş çəkək. Kilsənin qapısındakı mühafizə xidmətinin əməkdaşı bizə içəridə hansısa dini bayrama hazırlıq görüldüyünü və qonaq qəbul edə bilməyəcəyini dedi. Bizim əcnəbi olduğumuzu biləndə yalnız 10 dəqiqə vaxt ayıra biləcəklərini söylədi. Kilsənin içərisi yüksək zövqlə işlənmişdi, ibadət zalında stullar düzülmüş və hər bir stulun üstünə bir ədəd dini kitab qoyulmuşdu.
   Sonra şəhərin kənarında yerləşən məscidə yollandıq. Məscidin həyətində heç kim görünmürdü. Kilsədən fərqli olaraq məscidə ayaqqabı ilə girmək olmazdı. Ayaqqabılarımızı soyunduq, içəri daxil olduq. Məscid böyük idi. Zaldakı kitab dolabında “Qurani - Kərim” və başqa dini kitablar düzülmüşdü. Hamımız “Qurani - Kərimi” öpüb, Allaha dua etdik.
   Yenidən məscidin həyətinə çıxdıq. Həyət hər tərəfdən yaşıllıqla əhatə olunmuşdu. Məscidin qoşa minarələri bu yaşıllığın içərisində ucalırdı.
   Bir qədər sonra məscidin axundu gəlib çıxdı. Cavan oğlan idi, yanında iki balaca qızı var idi. Hər ikisi başlarını çarşabla bağlamışdı. Öyrəndik ki, əslən Somalidən olan Abdidahir adlı axund həm də məsciddə fəaliyyət göstərən dini kursun müəllimidir. Qızları da burada dini təhsil alırlar. Abdidahir bildirdi ki, Şarlot şəhərində 7 məscid var. Müsəlmanlar bu məscidə ibadət üçün həvəslə gəlirlər. Hər cümə namazında təxminən min nəfərə yaxın insan iştirak edir.
   Axşamüstü «Beynəlxalq evə» geri döndük. Sabahkı proqram xeyli rəngarəng idi.
   
   12 may 2010-cu il
   
   Şimali Karolinanın İncəsənət və Elm Şurasında keçiriləcək görüşü maraqla gözləyirdik. Görüşdə qurumun iş prinsipi, qrantların idarə olunması, mədəni planlaşdırma, təşviqat və s. məsələlər müzakirə mövzusu idi. Şura “Bank of Amerika”nın şəhərdə fəaliyyət göstərən ofis mərkəzinin ikinci mərtəbəsində yerləşir. Bu nəhəng binada 100-ə yaxın təşkilatın ofisi vardı.
   Şuranın vitse-prezidenti Robert Buş bizi mehriban qarşıladı. Öncə mədəni tədbirlər barədə məlumat verdi. Bildirdi ki, son yarım ildə 4 incəsənət mərkəzi açılıb, lap yaxınlarda isə şəhərdə böyük avtoralli istifadəyə verilib. Payızda yeni bir muzeyin də açılışı olacaq. Bir sözlə, bölgənin mədəniyyət və incəsənəti sürətlə inkişaf edir.
   Onu da öyrəndik ki, İncəsənət və Elm Şurası 1958-ci ildə yaradılıb. Həmin vaxt 8 qrupu özündə birləşdirən təşkilatda indi 150 işçi qrupu fəaliyyət göstərir. Təşkilatın rəhbər orqanı 55 nəfərdən ibarət direktorlar şurasıdır. Direktorlar şurası üzvlərinin 40 nəfəri seçki yolu ilə seçilir, 12 nəfər hökumət tərəfindən təyin edilir, qalan 3 nəfər isə şəhər şurası tərəfindən təyin edilir. Şura mədəni tədbirlərin həyata keçirilməsini maliyyələşdirir. Buraya dekorativ-tətbiqi sənət, uşaq aləmi, folklor, liderlərin təhsili, texniki yardım, sənətkarlar və sahibkarlar üçün proqramlar daxildir. Qurum, eyni zamanda, qeyri-kommersiya xarakterli mədəni layihələr həyata keçirir. Ştat üzrə 40 min nəfər könüllü şəxs mədəniyyətin inkişafı üçün pul köçürür. Maklenburq qraflığında bir şəxsin muzeyə və ya teatra getməsi 25 dollara başa gəlir. Turistlər üçün isə bu xərc 34 dollar təşkil edir.
   Nahardan sonra şəhərin cənub regionunda yerləşən Livayn Muzeyində olduq. Bu, interaktiv tarix muzeyidir, Amerikadakı Vətəndaş müharibəsindən (1861-1865) sonrakı dövrdə cəmiyyətin inkişafı, ağdərili və qaradərili insanların münasibətlərinə dair maraqlı materialları özündə əks etdirir.
   Muzeydə bizi qarşılayan tarix elmləri doktoru, professor Tom Hançet Amerikanın bir neçə nüfuzlu ali məktəbində mühazirələrlə çıxış edən tanınmış alimdir. O, Şimali Karolinanın tarixindən və muzeydəki eksponatlardan danışdı. Muzeydə cəmi bir neçə on il əvvələ qədər ABŞ-da mövcud olmuş irqi ayrı-seçkiliyin necə aradan qalxması, məsələn, ağdərili və qaradərili insanların eyni bulaqdan su içməsi, zənci bərbərin ağdərili müştərilərə xidmət göstərdiyi bərbərxana və s. nümayiş olunurdu. Professor Tom Hançet belə bir fikir işlətdi: «Amerikada hamı qonaqdır, hərə bir tərəfdən gəlib, biri bir az tez, biri bir az gec”.
   Muzeyin foyesində dünyanın xəritəsi əks olunmuş bir guşə vardı. Xəritədə yalnız hər bir dövlətin adı və paytaxtı göstərilib. Xəritənin üstü kiçik qırmızı dairələrlə dolu idi. Muzey əməkdaşları bizə də qırmızı yapışqanlı kağızdan kəsilmiş dairə təqdim etdi. Tərcüməçimiz Kənan izah etdi ki, bu xəritəyə yapışdırılan qırmızı dairələr həmin ölkələrdən muzeyə gələnlərin sayını göstərir. Azərbaycanın əks olunduğu ərazidə heç bir dairə yapışdırılmamışdı. Odur ki, Azərbaycandan gələn ilk nümayəndələr olaraq qırmızı dairələri həvəslə xəritədə “Bakı” sözünün üzərinə yapışdırdıq.
   Livayn Muzeyindəki səsyazma studiyası da marağımızı çəkdi. Burada səsi yazılan hər bir tamaşaçının hərəkətləri avtomatik olaraq videoyaddaşa köçürülür, böyük zalda qoyulmuş ekranda nümayiş etdirilir.
   Muzeylə tanışlıqdan sonra “Beynəlxalq evə” qayıtdıq. Öyrəndim ki, ev sahibimiz Ömər xidməti işlə əlaqədar iki günlüyə başqa şəhərə gedir. Odur ki, bu iki günü mən Orxanla birgə, “Beynəlxalq evin” əməkdaşı olan bir qadının evində yaşamalı olacaqdım.
   50 - 55 yaşında olan ispan əsilli Marni bizi mehriban qarşıladı. Öyrəndim ki, Marninin iki oğlu var, hər ikisi böyüyüb və ondan ayrı yaşayırlar.
   
   13 may 2010 - cu il
   
   Səhər erkən oyandım. Həyətə çıxdım. Marninin evi çox mənzərəli bir yerdə, yaşıllıqlar arasında yerləşir. Hər tərəfdə bülbüllər cəh-cəh vururdu. Amma onların səsində bizim bülbüllərin şirinliyi hiss olunmurdu. Həyətdəki güllərə xeyli tamaşa edib, evin qarşısından sol tərəfə getdim. Qarşıda küçənin qurtardığını bildirən yol işarəsi var idi. Təxminən 200 metrlik məsafədə olan bu işarəyə qədər getdim. Yolun kənarında müxtəlif markalı avtomaşınlar düzülmüşdü. Cəmi 8 evdən ibarət olan bu küçədə iyirmiyə yaxın maşın var idi.
   Qarşıda ucsuz-bucaqsız meşə uzanırdı. Mən ətrafdakı sakitliyə heyranlıqla baxırdım.
   
   Bir qərib meşədə bülbül cəh-cəhi,
   Vətən torpağını yadıma saldı.
   Gözümlə görsəm də bu gözəlliyi,
   Ürəyim yenə də Vətəndə qaldı.
   
   Evə qayıtdım. Ev sahibəsi oyanmışdı. Üzündən hiss olunurdu ki, axşam çox içib. Amma yenə də yorğun üzündə təbəssüm yaratmağa çalışırdı. Mən bir stəkan kofe süzüb içdim. Orxan adəti üzrə soyuducuda nə var idisə hamısından bir az məcməiyə oxşar iri boşqaba yığıb yedi.
   Getmək olardı. Biz ev sahibəsinin maşınında «Beynəlxalq evə» gəldik. Proqram üzrə biz bu gün “Charlottes Çot Alot.com” (Şarlota səyahət edin) Regional Səyahətçilər Orqanında görüşdə olmalı idik.
   
   (Ardı var)
   
   Vaqif Alıyev,
   Kürdəmir Rayon Mədəniyyət və
   Turizm Şöbəsinin müdiri