Prezident İlham Əliyev fevralın 6-da Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, Xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Ədibin 100 illiyi fevral ayında tamam olur. Sərəncamda qeyd olunur ki, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərib. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.