Fevralın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının hüquq məsələləri üzrə müşaviri xanım Jaklin Duqalı qəbul edib. Xanım Jaklin Duqal Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin Dünya Turizm Təşkilatı arasında imzalanmış müvafiq sazişə əsasən Azərbaycan Respublikasının «Turizm haqqında» yeni qanun layihəsinin beynəlxalq standartlara uyğun hazırlanmasında iştirak edəcək. Görüş zamanı Əbülfəs Qarayev nazirliyin və ümumilikdə turizm sənayesinin yeni qanundan nə gözlədiyini bildirib, eyni zamanda Azərbaycanda turizmin orta və uzaq perspektivlərdə əsas inkişaf planları haqqında qonağı məlumatlandırıb. Tərəflər yeni qanunda müzakirə olunan məsələlərin hüquqi tənzimlənməsinə dair fikir mübadiləsi aparıblar.