Dağıstanın paytaxtı Mahaçqalada ənənəvi V Beynəlxalq “Qorçı” folklor festivalı keçirilib. Türkiyə, Hindistan, Tailand, Latviya, İran, Sloveniya və Rusiyanın ayrı-ayrı bölgələrindən gəlmiş folklor ansambllarının iştirak etdikləri festivalda respublikamızı Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Bir həftə davam edən festivalda Əməkdar mədəniyyət işçisi Fəzail Miskinli və onun yetirmələrinin çıxışları yerli tamaşaçılarla yanaşı, xaricdən gələn qonaqlar tərəfindən də alqışlarla qarşılanıb, xalqımızın bu qədim sənətinə rəğbət və marağı daha da artırıb. Proqram çərçivəsində gənc aşıqlarımız dörd gün Mahaçqalada çıxış ediblər.