Yeni nəşr işıq üzü görüb
   
   Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin layihəsi əsasında “Ustad aşıqlarımız” seriyasından yeni nəşr - “Aşıq Ələsgər” kitabı işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gələn kitab Azərbaycan aşıq sənətində və poeziyasında özünəməxsus yeri olan ölməz ustada həsr olunub. Kitabda Aşıq Ələsgər haqqında elmi-publisistik məqalələr, Xalq şairi Zəlimxan Yaqubun böyük ustada həsr etdiyi “Göyçədən gələn səslər” poeması və ustadın yaradıcılığından nümunələr yer alıb. Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlunun tərtib etdiyi kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb. Kitabın məsləhətçisi Xalq şairi Zəlimxan Yaqub, redaktoru professor Qəzənfər Paşayev, rəyçisi professor Məhərrəm Qasımlıdır.
   M.Nəbioğlu bu istiqamətdə işlərin davam etdiriləcəyini, payızda Aşıq Kamandar Əfəndiyevlə bağlı da kitabın işıq üzü görəcəyini bildirdi. Xatırladaq ki, M.Nəbioğlunun 2010-2011-ci illərdə nəşr olunmuş “Ozan-aşıq dünyası” və “Sazımız - sazbəndimiz” kitabları folklorşünas alimlər, ozan-aşıq sənətinin daşıyıcıları və ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
   
   Təranə Vahid