Mayın 14-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi, “Aşıq Pəri” məclisinin yaradıcılarından olan Aşıq Ulduz Sönməzin yaradıcılıq gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayev, tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi İsfəndiyar Rüstəmov və digər çıxış edənlər sənətkarın yaradıcılıq yolundan söz açıblar.
   Bildirilib ki, Ulduz Sönməz 1950-ci ildə Gədəbəydə sənətkar ailəsində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Azərbaycan aşıq sənətinə sonsuz sevgisi, dastanlarımızı dərindən bilməsi onun əsl sənətkar kimi tanınmasına təkan verib. Aşıqlıqla yanaşı, bədii yaradıcılıqla da məşğul olub, üç şeir kitabı işıq üzü görüb.
   Gecədə sənətkarın tələbələri, sənət dostları ilə yanaşı, Təbriz aşıqları da çıxış edib və Aşıq Ulduz Sönməzə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
   Sonda gecənin iştirakçılarına minnətdarlığını bildirən sənətkar el havalarını ifa edib.
   Söz-sənət gecəsi barədə ətraflı reportajı növbəti sayımızda təqdim edəcəyik.