Mayın 14-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq, Əməkdar mədəniyyət işçisi, “Aşıq Pəri” məclisinin yaradıcılarından olan Ulduz Sönməzin söz-sənət gecəsi keçirildi.
   
   Tədbiri AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı açaraq 50 illik sənət yolunu qeyd edən Ulduz Sönməzin yaradıcılıq gecəsini sənət bayramı adlandırdı. Sənət ocağında dünyaya gələn, beşikdən könlünü saza kökləyən və illər sonra özünü sazdan-sözdən ayrı təsəvvür etməyən aşığın sənət yolundan danışdı: “Ustad oğlu şagird olmaz, elə ustadın qızı da şagird olmaz. Ulduz Quliyeva sənətə ilk gəldiyi gündən etibarən özünün şaqraq, gur, məlahətli səsi ilə diqqəti cəlb elədi. Bundan əlavə, onun ruhunda, təbiətində olan meydangirlik, özünəməxsus imporvizə bacarığı - bunların hamısı qısa bir müddətdə Ulduz xanımı Azərbaycan aşıq sənətində seçilən, sevilən bir sənətkara çevirdi”.
   Folklorşünas alim Aşıq Ulduzun Azərbaycan dastanlarının çox gözəl bilicilərindən biri olduğunu vurğuladı: “O həm də pedaqoq aşıqdır. 50-yə yaxın gənci sənət aləminə uğurlayıb, saz havaları ilə bağlı hazırladığı ilk tədris proqramı bir sənətkar kimi onun fədakarlığıdır”. Qeyd olundu ki, özünəməxsus ünsiyyəti, yüksək mədəniyyəti ilə xalq arasında sevilən Aşıq Ulduz Sönməzin çox zəngin repertuarı var. “Onun özünəməxsusluğunun bir cəhəti də Koroğlu aşığı olması, Koroğlu havalarını böyük məharətlə ifa etməsidir”, - deyən Məhərrəm Qasımlı Aşıq Ulduza daim meydanda olmağı arzuladı.
   Gecədə ustad aşıq, Əməkdar mədəniyyət işçisi İsfəndiyar Rüstəmov çıxış edərək Ulduz xanımın sazının, sözünün işığına yığışdıqlarını bildirdi. “Aşıq Ulduz özü də bir ustaddır, onun öz məktəbi var, gözəl kitabları var”, - deyən Aşıq İsfəndiyar həmkarına yeni uğurlar dilədi.
   Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev ulu ozan sənətinin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdi. Aşıq Ulduzu özünəməxsus sənətkar kimi qiymətləndirən professor onun yaradıcılıq yoluna nəzər saldı: “Aşıq Ulduzu başqa aşıqlardan fərqləndirən əsas cəhətlərdən biri odur ki, o, Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra 10 il Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. Ulduz xanım həm muğamatı yaxşı bilir, həm də aşıq sənətini, bundan əlavə, o pedaqoqdur. İlk dəfə olaraq texnikum səviyyəsində Aşıq Ulduz saz sənətini təbliğ etməyə başladı, tədris proqramları hazırladı”. Qəzənfər Paşayev xalqın sevgisini, məhəbbətini qazanan xanım sənətkara illər öncə dediyi və artıq kitablara yazılmış sözləri xatırladı: “Aşıq Ulduzun səsi müsibətdir, aşıq sənətinə bir töhfədir”.
   Ustad sənətkar Aşıq Mahmud səhnəyə Ərəbzəngi kimi qədəm qoyan və bugünə kimi sənətinin Ərəbzəngisi olaraq qalan Ulduz xanımın Aşıq İmran kimi ustadla deyişməsini yaddan çıxmayan bir xatirə kimi qeyd etdi.
   Gecədə sənətkarın tələbələri, sənət dostları ilə yanaşı, Təbriz aşıqları da çıxış edərək Ulduz Sönməzə yeni-yeni yaradıcılıq uğurları arzuladılar. Sonda Ulduz xanım sənətinin işığına yığışan hər kəsə təşəkkürünü bildirdi və təkrarsız ifaları ilə öz gecəsinin ulduzuna çevrildi.
   
   Təranə Vahid