Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə aşıq Rza Qobustanlı adına mədəniyyət evində ustad aşıq Xanmusa Musayevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Sazın-sözün sehrində” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun ustad aşığa təbrik məktubu oxunub.
Mərasimdə çıxış edən ədəbiyyat, incəsənət xadimləri, aşığın dostları, yetirmələri onun sənətə sevgisindən danışıblar. Bildirilib ki, Şirvan aşıq məktəbinin layiqli davamçısı, neçə-neçə şagirdlər yetirmiş Xanmusa Musayev saz ifaçılığı və səsi ilə xalqın rəğbətini qazanıb. Tədbirdə ustad aşığın şagirdlərinin ifasında el havaları səsləndirilib.