İyulun 1-də Gürcüstanın Rustavi şəhərində saz bayramı keçirilib. Tədbirdə Gürcüstanın azərbaycanlılar yaşayan bütün bölgələrindən sənətsevərlər iştirak edib. Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu artıq üçüncü dəfə Rustavidə saz bayramının təşkil olunduğunu deyib. Budəfəki tədbirin istedadlı gənc, 14 yaşlı aşıq Məsim Rəcəbova həsr olunduğu bildirilib.
“Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin sədri Xaləddin Yolçuyev, filologiya elmləri namizədi Mahmud Kamaloğlu, gürcü bəstəkarı Manana Alpaidze, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət və digər çıxış edənlər Məsim Rəcəbovun daha da püxtələşərək ustad sənətkar olacağına inandıqlarını bildiriblər.
Aşıq Aslan Kosalı, aşıq Şahbaz, aşıq Nargilə, müğənni İbrahim Borçalı müxtəlif mahnılar ifa ediblər. “Sarvan” folklor rəqs ansamblının çıxışı da maraqla qarşılanıb. Sonda Məsim Rəcəbov sazda aşıq havalarını ifa edib.