İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi AMEA Hüseyn Cavidin ev-muzeyində olub. Hüseyn Cavidin ev-muzeyindən bildiriblər ki, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qonağa böyük şair və dramaturqun həyatı və ədəbi irsi, şairin istedadlı oğlu Ərtoğrol Cavidin aşıq yaradıcılığına dair araşdırmaları haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, Ərtoğrol Cavidin Azərbaycanın bölgələrindən topladığı folklor nümunələri muzey tərəfindən sistemləşdirilib və “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adı ilə 10 cilddə nəşr etdirilib.
Qonaq Əkbər Həmidi Əlyarın fars dilinə tərcümə etdiyi Hüseyn Cavidin “Peyğəmbər” əsərini və özünün müəllifi olduğu “İran aşıqları və ədəbiyyatı” kitabını muzeyə bağışlayıb.
Aşıq Səlcuq Şahbaziyə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi hədiyyə olunub.