Taleyi nağıllara bənzəyən aşıq Nabat mükəmməl ifaları ilə yanaşı, bədii yaradıcılığı də məşhur olub, qoşma, gəraylı və digər janrlarda əsərlər qələmə alıb. Müasir qadın aşıqlarımız arasında özünəməxsus yeri olan sənətkar haqqında “Nabat və Musa” dastanı da yaranıb.

Aşıq Nabat Paşa qızı Cavadova 1914-cü ildə Şərur rayonunun Parçı (indiki Xanlıqlar) kəndində dünyaya göz açıb. Uşaq ikən həyat ona sərt üzünü göstərir. Erkən yaşlarında valideynlərini itirir, qohum-əqrəba himayəsində böyüyür. Ancaq o, çətinliyə təslim olmur, qürur və iradəsi ilə həyata möhkəm bağlanır.
Deyir, tale bir tərəfdən bağlayanda, başqa bir tərəfdən açır. Bir gün Nabat iş görə-görə astadan zümzümə edir. Hiss edir ki, ətrafında kimsə onun zümzüməsinə diqqət kəsilib... Bu zümzümə sonradan böyük bir səsə çevrilərək doğulduğu kəndin hüdudlarını aşacaq, yaxın-uzaq ellərə yayılacaqdı. Qohum-əqrəbanın qız toylarında yaxından iştirak edən Nabat xanəndə kimi çalıb-oxuyur, məlahətli səsi və söz dünyası ilə çoxlarının diqqətini özünə cəlb edir. Dərələyəzli bir gənc oğlanla ailə qurur. Lakin bu xoşbəxtliyin ömrü uzun olmur. Həyat yoldaşı qaçaq gülləsinə tuş gəlir və dünyadan vaxtsız köçür. Bu itkidən doğan kədərini o belə ifadə edib:

Bilirsənmi, ay Ələyəz dağları,
Gəncliyimi səndə qoyub gəlmişəm.
Əllərim xınalı, gözlərim yaşlı,
İlk eşqimi səndə qoyub gəlmişəm.


Nisgilli xanım 1934-cü ildə Bərdə rayonuna üz tutur, orada məskunlaşır. Araşdırmalarda göstərilir ki, bir müddət sonra Şuşa şəhərinə köçür. Burada Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və Qurban Pirimovla tanış olur. Xeyli vaxt onların məclislərində yaxından iştirak edir.
Nabat bir müddət müğənnilik edir. Yavaş-yavaş saz çalmağı da öyrənir və aşıqlıq etməyə başlayır. Görkəmli folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı “Aşıq Nabat. Əldə xına, gözdə yaş” (2012) adlı kitabda qeyd edir ki, Nabat üç il Dədə Ələsgərin qardaşı oğlu aşıq Musanın şəyirdi olur. Ondan 20 saz havası və “Aşıq Qərib”, “Leyli və Məcnun”, “Lətif şah”, “Abbas və Gülgəz”, “Alı xan və Pəri xanım” dastanlarını öyrənir.
Aşıq Nabat istedadlı və yaradıcı sənətkar olub. O, sazda ifa etməklə yanaşı, qəlbində qövr edən dərdlərini ağ kağıza misra-misra köçürə bilib. Aşıqsevərlərə xeyli gəraylı, qoşma, bayatı və deyişmələr yadigar qoyub:

İki gözüm - Oğlan qala, Qız qala,
Mən sizdən xəbərsiz sizdən ayrıldım.
Ay Əyricə dağım, a doğma Parçım,
Mən sizdən xəbərsiz sizdən ayrıldım.

Üç gözəlin timsalıdır Siyaqut:
Arpa çay, biri Sara, birin tap.
Nuruyla bağlıdır qanlı hekayət,
Mən sizdən xəbərsiz sizdən ayrıldım...


Aşıq Nabat uzun müddət Yevlax rayon Mədəniyyət evində fəaliyyət göstərib. Mədəniyyət evinin səhnəsində Ərəbzəngi rolunda çıxış edib. Dərin zəkası, məlahətli səsi ilə dahi Üzeyir Hacıbəylinin də diqqətini çəkən aşıq Nabat Bakıya dəvət olunur. 1938-ci ildə Azərbaycan aşıqlarının II qurultayında iştirak edir. 1940-cı ildə Moskvada keçirilən mədəniyyət ongünlüyünə qatılır. Sənətkar xatirələrində o günləri belə qeyd edir: “Şair Səməd Vurğun yanımıza gəldi. Repertuarımızla maraqlandı və mənə üçbəndlik bir qoşma-şeir yazıb verdi. Sonra dedi: “Aşıq Nabat, bax, yaxşı hazırlaş. “Danışaq” qoşmasını Moskvada, oxuyacaqsan!..”.
Naxçıvan Musiqi Kollecinin müəllimi Həsən Seyidov araşdırmasında göstərir ki, aşıq Nabat Səməd Vurğunun “Danışaq” rədifli qoşmasını orada ifa edib. Sonradan bəlli olur ki, o, böyük şairin bu qoşmasına eyniadlı bir cavab yazıb:

Əziz şair, sən qələmlə, mən sazla,
Bu şad gündən, xoş bahardan danışaq!
Min gül açıb Azərbaycan torpağı,
Tükənməyən arzulardan danışaq...

Həsən Seyidov aşıq Nabatın “Yaxşıdır” adlı gəraylısı haqqında da məlumat verir. O, gəraylını Azərbaycan aşıqlarının IV qurultayına hazırlıq ərəfəsində yazıb.

Qürbət eldə bir bağ saldım,
Dedim, neçə gül yaxşıdır?
Dərdimi söylədim ona,
Onda mübdədil yaxşıdır.

Elə ki çatdım yaşıma,
Həsrət qaldım sirdaşıma.
Gör nədir, gəldi başıma?
İndi bildim, el yaxşıdır.

Aşıq Nabat saz çalınca,
Gedib qürbətdə qalınca,
Qürbət eldə xan olunca
Öz yerində qul yaxşıdır.


Əyricə dağının və Parçı kəndinin həsrəti ilə yanıb qovurulan aşıq Nabat 3 oktyabr 1973-cü ildə Yevlax şəhərində dünyasını dəyişib. Vəsiyyətinə əsasən Şərur rayonunun Siyaqut kəndində dəfn olunub.

Savalan Fərəcov