Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq, bu ifaçılığı əvəzsiz bir sənət sahəsi kimi gələcək nəsillərə çatdırmaq məqsədilə silsilə musiqi albomları buraxmaq üçün folklor studiyası yaradıb.
İnstitutun nəzdində yaradılan studiyada hazırlanan albomda aşıq Hüseyn Saraclının ifasında “Əsli və Kərəm”, aşıq Əkbərin ifasında “Novruz və Qəndab”, aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanlarından əsas hissələr lentə alınıb. Hər üç dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.
Studiyanın yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanmasıdır.