Mədəniyyət obyektlərinə baxış davam edir
   
   İyulun 22-23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Balakən və Qax rayonlarında mədəniyyət işçilərinin ümumrayon toplantısı keçirildi. Qeyd edək ki, rayonlarımızda bu xarakterli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Nazirlik Aparatının rəhbəri Firudin Qurbanovun başçılıq etdiyi işçi qrupu bu rayonlarda yerləşən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə maraqlanaraq, kənd mədəniyyət işçilərinin iştirakı ilə görüşlər keçirtdilər.
   
   Hər iki rayonda keçirilən tədbirdən əvvəl nazirliyin Aparatı rəhbəri F.Qurbanov və nazirliyin Regionlarla iş sektorunun müdiri Balakən və Qax rayonunun bir neçə kənd mədəniyyət obyektlərində oldular. İyulun 22-də Balakən rayonunun Katex, Mahamalar, Qazmalar və Qullar kənd mədəniyyət evlərinə, kitabxanalara və klublara baxış keçirildi. Aparat rəhbəri Katex kənd Mədəniyyət evində olan iş prosesi üçün bu obyektin müasir tələbi ödəmədiyini vurğuladı və qeyd etdi ki, müəssisə əsaslı təmir olunmalıdır.
   İyulun 23-də isə nümayəndələr Qax rayonunun yerli əhəmiyyətli tarixi abidəsi olan Kürmük kilsəsində, Əlibəyli və Əmircan kəndlərinin mədəniyyət evlərində, klub və kitabxanalarında oldular. Qax rayon Mədəniyyət şöbəsinin müdiri Nəzir Omarov Kürmük kilsəsinin XVIII əsrə aid abidə olduğunu və bura şöbənin hesabına gözətçi ayrıldığını nazirlik işçilərinin nəzərinə çatdırdı. Amma buna baxmayaraq, abidənin bərpasına və xüsusi qorunmasına ehtiyac olduğu da vurğulandı. Nazirliyin nümayəndələri əhalisi ingiloylardan ibarət olan Əlibəyli kəndinə də baş çəkdilər. Buranın mədəniyyət evi, kitabxanası ilə tanış olan Aparat rəhbəri Əlibəyli Dövlət Gürcü Dram Teatrınin vəziyyəti və repertuarı ilə də maraqlandı. F.Qurbanov teatrın daha perspektvli işi üçün öz təkliflərini verdi. Beləliklə, hər iki kənddə olan problemlər qeyd olundu.
   İyulun 22-də ilk genişmiqyaslı tədbir Balakən rayonunun ən ucqar yaşayış məskəni olan İtitala kəndində keçirildi. Yeni tikilən İtitala kənd Mədəniyyət evində mədəniyyət işçiləri ilə keçirilən görüşü Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini Azad Balayev açaraq gələn qonaqları salamladı. Azad müəllim mədəniyyətimizə belə diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə bütün mədəniyyət işçiləri adından öz dərin minnətdarlığını bildirdi. Sonra o, sözü nazirliyin Aparat rəhbəri Firudin Qurbanova verdi. F.Qurbanov mədəniyyət və turizm sahəsində respublikamızda görülən və görüləcək işlərlə yanaşı, həmin gün rayonun kənd mədəniyyət obyektlərində gördüyü problemlərdən də danışdı. Bundan sonra çıxış edən Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova rayonun mədəniyyət sahəsinin vəziyyəti barədə məlumat verdi. Ruqiyyə xanım dedi ki, mədəni-maarif müəssisələri əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. R.Seyidova onu da bildirdi ki, Balakəndə yeni üslubda yaraşıqlı muzey, mərkəzi kitabxana tikilib və istirahət parkı yenidən qurulub. Görüşdə rayonun mədəniyyət və turizm şöbəsinin inspektoru Sevda Yusifova, tarix-diyarşünaslıq muzeyinin direktoru İradə Qumriyeva, uşaq musiqi məktəbinin direktoru Arifə Tağıyeva, mərkəzləşmiş kitabxana sisteminin direktor müavini Səkinə Qədirova, Katex kənd Mədəniyyət evinin direktoru Nərgiz Hacıyeva və İtitala kənd Mədəniyyət evinin direktoru Qürbət Qurbanov çıxış edərək, problemlərdən danışdılar, öz təkliflərini bildirdilər.
   İyulun 23-də isə Qax rayon Mədəniyyət evində keçirilən görüşdə ilk olaraq icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, son illər respublikamızda mədəniyyət və turizm sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun mədəniyyət müəssisələrinin fəaliyyəti və qazanılmış uğurlardan söhbət açdı. Sonra o, qarşıda duran vəzifələrə toxunaraq sovet dönəmindən mədəniyyət müəssisələrində qalan problemlərin aradan qaldırılması üçün bu sahə üzrə mütəxəssislərə ehtiyac olduğunu vurğuladı. Sonra söz Mədəniyyət və Turizm Nazirliyinın Aparat rəhbəri Firudin Qurbanova verildi.
   F.Qurbanov salonda quraşdırılmış monitorda slaydlar vasitəsilə nazirliyin strukturu və fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat verdi. Aparat rəhbəri çıxışının əvvəlində dövlətin mədəniyyət və turizmlə bağlı siyasətinin başlıca istiqamətlərindən, bu sahənin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamların əhəmiyyətindən danışdı. Sonra o, rayonlarda mədəniyyət işçiləri ilə belə görüşlərin keçirilməsi barədə aşağıdakıları qeyd etdi: “İlin əvvəlindən bəri Quba, Qusar və Gədəbəy rayonlarında, bir gün əvvəl isə Balakəndə mədəniyyət işçiləri ilə görüşlər keçirilmişdir. Belə görüşlərin məqsədi mədəniyyət müəssisələrinin qarşılaşdıqları problemləri yerindəcə müəyyənləşdirmək, onların həlli yollarını araşdırmaq, müzakirə etmək, yerlərdə işçilərin təşəbbüskarlığının artmasına nail olmaqdır.
   Ölkəmizdə ildən-ilə sürətlənən iqtisadi inkişaf mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə də öz müsbət əksini tapır. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində Qaxın da sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdiyinin, rayonda böyük tikinti-quruculuq və abadlıq işlərinin vüsət götürdüyünün bu gün şahidi olduq. Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun xüsusi çəkisi ildən-ilə artmaq üzrədir. Turizmin inkişafı üçün də ölkəmizdə çox böyük işlər görülür. Mədəniyyətlə sıx bağlı olan turizmə dövlət böyük dəstək verir və son üç ildə bu sahənin inkişafı ilə əlaqədar ölkə rəhbəri 200-ə yaxın fərman və sərəncam imzalayıb. Təbii ki, turistlərin sayı artdıqca, gəlir də ona uyğun olaraq çoxalır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Turizmin inkişaf etdiyi bir ölkədə mədəniyyət müəssisələrinin fəaliyyəti mütləq müasir standartlara uyğunlaşdırılmalıdır. Məlumdur ki, kəndlərdəki mədəniyyət obyektləri sovet dövründə - 50-60-cı illərdə tikilən binalarda yerləşir. Nazirliyin keçirdiyi bu tip tədbirlərin də məqsədi ilkin olaraq daha acınacaqlı formada olan mədəniyyət müəssisələrinin qeydiyyatını aparmaqdır. O ki qaldı mədəniyyət müəssisələrindəki iş sisteminə, bu, təkcə bizim üzərimizə düşən iş deyil. Yerlərdə işləyən mədəniyyət işçiləri də təşəbbüskar olmalı və öz təklifləri ilə nazirlik qarşısında çıxış etməlidirlər. Bunun üçün mədəniyyət şöbələri və mərkəzi kitabxanalar yerlərdə monitorinqlər keçirməlidirlər. Monitorinqlərin nəticələri əsasında proqram tərtib edilməlidir. Yalnız bu yolla problemləri aradan qaldırmaq mümkün olar”.
   Digər çıxışçılar da görülən işlərdən və mövcud problemlərdən danışdılar. Çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov, uşaq incəsənət məktəbinin direktoru Soltan Hacıyev, mərkəzləşmiş kitabxana sisteminin direktoru Güllü Əhmədova, tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi və başqaları görülmüş işlərdən danışaraq təkliflərini verdilər. Bu təkliflər, əsasən, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəssisələrin təmiri, musiqi alətləri və rəqs paltarları ilə təminatının yaxşılaşdırılması, kitabxanaların kompyuterləşdirilməsi, kitabxana fondlarının latın qrafikalı ədəbiyyatla zənginləşdirilməsi, kadrların peşəkarlığının artırılması və s. ilə bağlı oldu. Bütün təkliflər nazirliyin işçi qrupu tərəfindən qeyd olundu. Tədbirdə çıxış edən rayon nümayəndələri Qax Rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadənin mədəniyyət obyektlərinə göstərdiyi diqqəti xüsusi vurğuladılar.
   
   İntiqam Hacılı