Azərbaycanın qədim guşələrindən biri olan, mədəniyyət körpüsü sayılan Naxçıvan diyarının hərtərəfli inkişafı ilə yanaşı Naxçıvanın qədim, tarixi mədəniyyətinin təbliği məsələsinə xüsusi diqqət yetirilir. Son illər Naxçıvanla bağlı yazılan kitablar, məqalələr, internet saytlarındakı xüsusi səhifələr bölgənin ziyalılarının, alimlərinin fəallıqlarından xəbər verir.
   
   Ötən il aprelin 24-25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü ilə Naxçıvan şəhərində “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçirilmişdi. Bu günlərdə Naxçıvan MR Ali Məclisi sədrinin baş məsləhətçiliyilə “Əcəmi” nəşriyyatında beynəlxalq simpoziumun materialları ayrıca kitab kimi nəşr olunub.
   Kitabda yerli və əcnəbi elm adamlarının Nuhla bağlı məqalələri “Nuh peyğəmbər və dünya tufanı”, “Nuh peyğəmbər və Gəmiqaya təsvirləri”, “Dünya tufanı və Naxçıvan abidələri” bölmələrində yer alıb. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev məqaləsində Naxçıvanın bəşər sivilizasiyasının beşiklərindən biri kimi şöhrət tapdığını vurğulayır. “Tarixi mənbələr Naxçıvan şəhərindəki Nuh türbəsi haqqında” adlı məqalədə Qazma, Kilit, Daşqala mağaralarında, Batabat yaylağında, Naxçıvan çayı vadisindəki II Kültəpə qədim yaşayış yeri yaxınlığında, Əlincə çayı vadisindəki Ərməmməd pirində və ətraf ərazilərdə daş dövrü mədəniyyətinin izlərinə rast gəlindiyi qeyd olunur.
   Müəllif qeyd edir ki, Naxçıvanın tarixindən bəhs edən yunan, ərəb, fars, türk qaynaqlarında, orta əsrlər dövrünə aid salnamələrdə də Naxçıvanın “Nuhçıxan”, “Nuhcahan”, Nuh şəhəri adlandırılması haqqında məlumatlara həddindən çox rast gəlinir: «Yer üzündə digər elə bir ərazi yoxdur ki, orada Naxçıvandakı qədər Nuh peyğəmbərin adı ilə bağlı toponimlər olsun. Belə ki, regionda Nuhdaban, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhgədik, Nürgüt, Nəbi yurdu, Peyğəmbərayağı və onlarla bu kimi yer adlarının mövcudluğu Nuh peyğəmbərin bu torpaqda yaşamasının daha bir əyani sübutudur”.
   Nəşrdə Naxçıvanın qədim tarixinə ümumi nəzər salan, bu sahədə uzun illər aparılmış araşdırmalardan bəhs edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun, Türkiyədən Türk Dili Qurumunun rəhbəri Prof.Dr. Nail Tanın, Prof. Dr.Yaşar Kalafatın və digər elm adamlarının məqalələri dərc olunub.
   Məqalələrdə qədim və zəngin tarixi olan Naxçıvanın zəngin tarixi abidələri, eləcə də muxtar respublika rəhbərliyinin danılmaz xidmətləri işıqlandırılır. Eyni zamanda, simpozium materialları illərdən bəri tarixi saxtalaşdırma və yalan kampaniyasını davam etdirən məkrli ermənilərin Naxçıvana və onun tarixi abidələrilə bağlı bütün iddialarının əsassızlığını bir daha önə çəkir.
   “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” kitabında “Dünya tarixində Naxçıvan: Yer kürəsində həyatın başlandığı yer”, “Nuh peyğəmbər və dünya tufanı toplusu”, “Nuhla bağlı əfsanələr və həqiqətlər”, “Nuh tufanı, Naxçıvan və tarixi həqiqətlər”, “Naxçıvan diyarı Nuh tufanından əvvəl və sonra” və s. 40-dək məqalə tarixsevərlərə təqdim olunub.
   
   Türkanə Bəylərli,
   AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı