Qax Dövlət Rəsm Qalereyasında “Paytaxtdan bölgələrə” adlı yeni sərgi açılıb. Bu münasibətlə keçirilən mərasimdə rayon mədəniyyət və turizm şöbəsinin inspektoru Dilarə Əzizova Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən “Paytaxtdan bölgələrə” adlı sərgilər silsiləsinin artıq respublikanın 10 şəhər və rayonunda təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, belə sərgilərin məqsədi regionlarda təsviri sənət sahəsini inkişaf etdirmək, bu sahəyə marağı daha da artırmaq, habelə rəsm qalereyalarının fondlarının zənginləşdirilməsinə nail olmaqdır.
   Qax RİH başçısının müavini Ziyafət Xasıyeva rayon əhalisinin, turistlərin asudə vaxtının mənalı və səmərəli keçməsində, uşaq və gənclərdə bu sahəyə marağın artırılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Rəsm qalereyasının direktoru Səbinə Əfəndiyeva məlumat verib ki, sərgidə respublikamızın tanınmış fırça ustalarının Dövlət Rəsm Qalereyasından daxil olan 24 rəngkarlıq əsəri nümayiş etdirilir.