Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı ilk dəfə olaraq atəşpərəstlik dövrünə aid qədim məbədin qalıqları tapılıb. 
   Azərbaycan Milli Elmlər Akademiyası Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhlul İbrahimovun verdiyi məlumata görə, Manna-Midiya dövlətlərinin mövcud olduğu dövrə təsadüf edən məbəd eramızdan əvvəl I minilliyin birinci yarısına aid edilir. Alimin sözlərinə görə, bölgədə belə abidəyə indiyədək rast gəlinməyib və bu, həm də Cənubi Qafqazda atəşpərəstlik dövrünə aid tapılan ilk məbəddir. O, məbədin uzunluğunun 2 metrə çatdığını, ətrafında qədim qala divarlarının mövcud olduğunu bildirib. “Araşdırmalar göstərir ki, əvvəllər məbədin uzunluğu 15 metrdən çox olub. Qala divarlarının müdafiə tikililərinə xas xarakterik əlamətləri burada qalanın müdafiə məqsədilə istifadə olunduğunu göstərir”. Ərazidə arxeoloji qazıntılara sentyabrın 5-də yekun vurulacaq.