Qafqaz sıra dağları, o cümlədən respublikamızın ərazisi cavan Alp qırışıqlıq zonasına təsadüf etdiyindən, özünün mürəkkəb geoloji quruluşu, bu quruluşda çoxsaylı təbii irs obyektlərinin, təbii yolla və insan əməyi nəticəsində yaranmış nadir geoloji obyektlərin, müxtəlif iqlim şəraitinin, torpaq-bitki örtüyünün, çaylarının, bulaqlarının olması ilə fərqlənir. Ölkəmizin ərazisindəki nadir geoloji obyektləri digərlərindən fərqləndirən cəhət onların daha çox estetik gözəlliyə, müalicəvi, maddi-mənəvi və tarixi əhəmiyyətə malik olmasıdır.
   
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında nadir qeoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə tədbirlər planı»na uyğun olaraq respublikamızın ərazisində, o cümlədən Xəzəryanı hissəsində olan nadir geoloji obyektlərin qorunması, yenilərinin aşkarlanması, turizm istiqamətində istifadəsi və mühafizəsi sahəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir. Belə tədbirlərin nəticəsidir ki, respublikamız ərazisində bir sıra dövlət təbiət qoruqları, milli, təbiət parkları və nəbatat bağları yaradılıb və yeni-yeni nadir geoloji obyektlər aşkarlanaraq müayinədən keçirilib.
   Bu xüsusda Quba rayonunun Afurca və Təngialtı kəndi ərazisində yerləşən, estetik gözəlliyə malik bir neçə təbii nadir geoloji obyektlərdən söhbət açmaq istərdik. Onlardan ən maraqlısı və baxımlısı Afurca şəlaləsidir.
   Yerli məlumatlara görə, “afurca” sözünün mənası “qayadan sıçrayan su” deməkdir. Şəlalə Cəngcur dağ silsiləsinin cənub-şərq qurtaracağında, Vəlvələçayın sağ yamacında Təngi qayalıqları üzərində əmələ gəlib. Geotektonik baxımdan şəlalənin əmələ gəlməsinə səbəb tektonik hərəkətlər olub. Belə ki, tektonik hərəkətlərin təsirindən bu ərazidə inkişaf tapmış əhəngdaşları brekçiyalaşaraq sürüşmələrə məruz qalıb və bunun da nəticəsində burada şəlalə əmələ gəlməsi üçün geomorfoloji relyef yaranıb.
   Afurca şəlaləsinin hündürlüyü 70 m-ə qədərdir. Suyun debiti ilin fəsillərindən asılı olaraq dəyişkəndir. Ətraf çəmənlik və meşəlikdir. Şəlalə insana xoş təəssürat bağışlayır və onda saflıq hissi oyadır. Suyun musiqili səsindən, ətraf yerlərin gözəlliyindən ayrılmaq o qədər də asan olmur.
   Afurca şəlaləsinə gedən yol Təngialtı keçidindən keçir. Təngialtı keçidi (bəzən dərə də adlandırırlar) eyniadlı kəndin cənub qurtaracağında 725 m yüksəklikdə Vəlvələçay yatağında yerləşir. Quba rayonunun Afurca, Qonaqkənd və digər kəndlərinə gedən avtomobil yolu və Vəlvələçay bu keçiddən keçir.
   Keçidin eni 18 metrdir. Burada hər iki tərəf sıldırım qayalıqlardır və bu süxurlar Cəngcur dağ silsiləsini əmələ gətirən karbonat tərkibli brekçiyalaşmış əhəng-daşlarından ibarətdir. Keçid çay yatağı boyunca şimal istiqamətli tektonik pozulma hesabına əmələ gəlmişdir. Keçidin divarları sıldırımlıdır. Qayalardan çay şırıltısının əks sədası eşidilir. Keçid öz füsunkarlığı, əzəməti ilə insanı heyrətləndirir.
   Qayalıqlarda çoxlu sayda karstabənzər boşluqlara rast gəlmək mümkündür. Belə boşluqlardan biri «Qaçaq Mayılın mağarası» kimi məşhurdur. Mağara öz əlçatmazlığı, forması və s. ilə diqqəti cəlb edir. Bu mağaraya baxan hər kəsin fikrindən onu yaxından görmək keçir.
   Bu nadir geoloji obyektlər mahiyyət və forma nöqteyi-nəzərindən öz cazibədarlıqları, Bakı şəhərindən çox da uzaq olmayan mənzərəli, səfalı bir bölgədə və bir-birinə yaxın yerləşdiyindən onlar bir və ya bir neçə günlük «ekoturizm» üçün çox əlverişli mövqedədir. Ərazinin çay terrasları (çay kənarı) boyunca çoxlu sayda istirahət zonaları vardır ki, bunlarda gecələmək mümkündür.
   Bizim borcumuz isə Tanrının bəxş etdiyi belə gözəlliklərə - nadir geoloji obyektlərə xələl gətirmədən onlardan maddi, müalicəvi, estetik zövq almaqla bərabər, onları qoruyub gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
   
   Fəxrəddin Abdullayev,
   geoloq