Sentyabrın 22-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 120-ci mövsümünə başlayıb. Sənətsevərlər qarşısında çıxış edən teatrın direktoru İslam Həsənov kollektivin yaradıcılıq planlarından danışıb.
   
   Daha sonra qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanmış “Manqurt” tamaşasına baxış olub. Respublikanın Əməkdar artisti Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsərinin musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
   Tamaşada əsas rolları Əməkdar artist Təvəkkül Əliyev, aparıcı aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Əlibala Əsgərov, Aynur Əhmədova və başqaları ifa ediblər.