Sentyabrın 22-də Lənkəran şəhərinin Qala Xiyabanı, 28 ünvanında yerləşən binanın qarşısında Əməkdar artist Elşad Zeynalovun xatirə lövhəsinin açılışı olub. Uzun illər Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmış Elşad Zeynalov bu ünvanda yaşayıb.
   Bu münasibətlə keçirilən mərasimdə teatrın kollektivi, ictimaiyyət nümayəndələri, ziyalılar və sənətkarın yaxınları iştirak ediblər. Qeyd olunub ki, E.Zeynalov 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Səhnədə 100-ə yaxın rolda çıxış edib, Azərbaycan teatrının inkişafındakı fəaliyyətinə görə 2000-ci ildə o “Əməkdar artist” adına layiq görülüb. Elşad Zeynalov 1986-cı ildən ömrünün sonunadək Lənkəran teatrının direktoru vəzifəsində çalışıb. 2006-cı il yanvarın 5-də 55 yaşında dünyasını dəyişib.