Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi yeni mövsümü tatar dramaturqları Süleyman və Həmdiyyə Latıpovların “Kral və əks-səda” tamaşası ilə açıb. 
   Bir pərdə və dörd şəkildən ibarət tamaşanın quruluşçu rejissoru İsako Zeynalaşvili, rəssamı Əmrah Məmmədov, musiqi tərtibatçısı Yusif Abdurahmanovdur. Tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Nərmin Hüseynova və başqaları ifa edirlər.
   Teatrın direktoru Nazim Mahmudov bildirib ki, yaradıcı kollektiv, eyni zamanda, “Ağ atlı oğlan” xalq nağılı əsasında Osman Abdullayevin qələmə aldığı eyniadlı əsər üzərində də məşqləri davam etdirir. Bundan əlavə, teatr oktyabrın 10-da startı veriləcək Milli Teatr Festivalının iştirakçısı olacaq. Festival çərçivəsində oktyabrın 11-12-də Bakı və Sumqayıtda balaca tamaşaçılara “Kral və əks-səda”, rus xalq nağılı əsasında hazırlanmış “Turp” tamaşalarını təqdim edəcək.