Göyçayda 5-ci nar bayramına ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyətindən bildiriblər ki, bununla əlaqədar təşkilat komitəsi yaradılıb və tədbirlər planı hazırlanıb. Hazırda Göyçay şəhərində təmizlik-abadlıq işləri görülür, səliqə-səhman yaradılır, mərkəzi küçələr asfaltlanır, səkilər təmir edilir, binaların fasad hissələri rənglənir, ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Mahnı-rəqs qrupları, kəndirbaz və sehrbazlar, idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.
   Tədbir zamanı Göyçayda nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.
   Noyabrın 12-də keçirilməsi planlaşdırılan nar bayramına dəvət olunacaq qonaqlar arasında dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları da olacaqlar. Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə beşinci dəfə keçiriləcək nar bayramında bir neçə yeniliyin olacağı da bildirilir. Bayram tədbirində ölkənin tanınmış incəsənət ustalarının çıxışları da nəzərdə tutulub.