Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 18-19-da Qəbələ beynəlxalq rəsm sərgisi keçirilib. Qəbələ şəhərindəki “Riverside” hotelində keçirilən sərgini SEBA-nın sədri Ruhəngiz Heydərova açaraq beynəlxalq tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. R.Heydərova bu sərginin Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib.
   Açılış mərasimində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına ünvanlanmış təbrik məktubunu Fondun icraçı direktoru Anar Ələkbərov oxuyub.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.
   Sonra Birinci Qəbələ Beynəlxalq rəsm sərgisinə baxış keçirilib. Məlumat verilib ki, beynəlxalq sərgidə 14 ölkədən - Azərbaycan, Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya Respublikası, Latviya, Polşa və Rusiyadan 81 rəssamın 150-dən çox əsəri nümayiş olunur.
   Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər.