Dekabrın 17-də Naxçıvan şəhərində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi açılıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə yaradılıb. 
   
   Muzeyin açılış mərasimində çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan xanlığının tarixi barədə danışıb.
   Qeyd olunub ki, Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulub, xanlıq 81 il fəaliyyət göstərib, 1828-ci ilin fevralın 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, Naxçıvan xanlığı ləğv edilərək Rusiyanın tərkibinə qatılıb.
   Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın xidmətləri xüsusi qeyd edilməlidir. Naxçıvanda Xan sarayını da o inşa etdirib. O, 1787-ci ildən 1820-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edib, 1820-ci ildən sonra oğlanları Ehsan xan və İsmayıl xan xanlığı idarə ediblər. Naxçıvan xanlığı böyük dövlət xadimləri, sərkərdələr yetişdirib.
   Açılış mərasimindən sonra muzeyə baxış olub. Məlumat verilib ki, 8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.