Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Şəki şəhərində kitab və rəsm sərgiləri keçirilib. 
    Xalq şairi Bəxtiyar Vahabzadənin büstü qoyulmuş parkda şəhər mədəniyyət və turizm şöbəsi və mərkəzləşdirilmiş kitabxana sisteminin təşkil etdikləri sərgidə minə yaxın kitab nümayiş etdirilib. “Ulu öndərin ideya-nəzəri irsi”, “Müstəqil Azərbaycan Respublikası -20”, “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Müstəqilliyimiz əbədidir”, “Zəfər yolu” və digər mövzularda, habelə prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə nəşr olunmuş kitablardan ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Sərgiyə gələnlər Şəki Musiqi Kolleci və şəhər mədəniyyət və turizm şöbəsi kollektivlərinin ifasında maraqlı konsert proqramına tamaşa ediblər.
   Tədbirdə şəhər rəhbərliyi, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, institutun elmi əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
   Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Şəki Sənətkarlar evində yerli rəssamların əsərlərindən ibarət sərgi də açılıb.
   Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 5-də Şəki şəhərində dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda elmi konfrans keçirilib.