Qanlı Yanvar gecəsində şəhid olmuş İsbəndiyar Zülalovun adını daşıyan Masallı rayonunun İsgəndərli kənd orta məktəbində faciənin 22-ci ildönümünə həsr edilmiş mərasim keçirilmişdir. Toplantıda çıxış edənlər Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” kimi daxil olmuş hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışlar.
   Qeyd olunmuşdur ki, xalqımızın həmin ağır günlərində ümummilli lider Heydər Əliyev çətin şəraitdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, qanlı hadisələri pisləmiş, buna qəti etirazını bildirmişdir.
   Böyük öndərin yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilmiş, qanlı cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır. Mərasimdə çıxış edənlər 20 Yanvar şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər.
   Tədbirin sonunda məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.