Zərdab rayonunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş “Nəsildən-nəslə qəhrəmanlıq örnəyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının qərargahında keçirilmiş tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Yeganə Musazadə, rayon icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və başqaları 20 Yanvar faciəsinin xalqımızın azadlığı və müstəqilliyi uğrunda mübarizəsi tarixinin ən şanlı səhifələrindən biri olduğunu söyləmişlər. Qeyd olunmuşdur ki, həmin gün çökməkdə olan sovet imperiyasının silahlı qüvvələrinə, hərbi texnikasına qarşı insanlar əliyalın sinə gərmişlər. Bu isə əsl vətənpərvərlik, əsl qəhrəmanlıq idi. Əsrlər ötəcək, bu qəhrəmanlıq unudulmayacaq, nəsillərin qəlbində əbədi yaşayacaqdır.