Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit dövrü arxeoloji dəstəsi tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun rəhbərliyi ilə Qax rayonu ərazisində ibtidai insanların yaşayış məskənləri ilə bağlı axtarış-kəşfiyyat işləri aparıb. Qax tarix-diyarşünaslıq muzeyi əməkdaşlarının da yaxından iştirak etdiyi tədqiqat rayonun İlisu, Sarıbaş, Ağçay, Lələli, Ləkit və Ləkit-Kötüklü kəndlərində aparılıb. Muzeyin direktoru Mahir Əfəndinin bildirdiyinə görə, Ləkit-Kötüklü kəndindən şimalda, yerli əhalinin “Xorqaya” və “Skolatlar” adlandırdığı ərazidə aparılan kəşfiyyat işləri zamanı arxeoloqlar dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dolomit qaya zolaqlarından ibarət yarıqların arasında ibtidai insanların yaşaya biləcəyi ehtimal olunan 5 mağara və zağa qeydə alıblar. Ərazidə həmçinin daş əmək alətləri, qədim ocaq yeri aşkarlanıb. Tapıntılar burada ibtidai insanların məskunlaşmasının Azıx mağarası ilə eyni olaraq, 450 000 il əvvəllərə təsadüf etdiyini və bölgənin dünyanın qədim yaşayış məskənlərindən biri olduğunu deməyə əsas verir.