Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
   
   Prezident Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərkimya” İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına “Kimyaçı” mədəniyyət sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olub.
   Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilinə töhfə verməkdədir. Sumqayıtın mərkəzində “Kimyaçı” mədəniyyət sarayının yenidən qurulması da buna növbəti nümunə olacaq.
   ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev ölkə başçısına məlumat verib ki, “Kimyaçı” mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilib. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilib. Ümumi ərazisi 5 hektar olan meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb. Müasir fəvvarə meydana xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada həm mərkəzə gələn qonaqlar, həm də Sumqayıt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılıb.
   Sonra Prezident İlham Əliyev “Kimyaçı” mədəniyyət sarayının stendi ilə tanış oldu. Qeyd edildi ki, saray bundan sonra Sumqayıt Mədəniyyət Mərkəzi adlanacaq. Üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 800 yerlik böyük kino-konsert salonu, ikinci mərtəbədə müşavirə və iclas zalları var. Mərkəzdə teatr tamaşaları, konsert proqramları, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılacaq, sərgi salonu və müxtəlif dərnəklər fəaliyyət göstərəcək.
   Dövlət başçısı mərkəzin yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
   Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” MMC-nin polad boru zavodunun, “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışında iştirak edib.