Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində aprelin 30-da Şəki şəhərində “Müstəqil Azərbaycan dövlətinin memarı” mövzusunda kitab bayramı keçirilib. 
   Tədbirdə çıxış edənlər dahi rəhbərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, ulu öndərin bütün həyatı kitabla bağlı olub. Ümummilli lider kitabxanaların xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyi olduğunu çıxışlarında hər zaman vurğulayırdı.
   Bayram tədbirində şəhərdəki 3 nömrəli uşaq musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Sonra tədbir iştirakçıları parkda Şəki Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil olunmuş sərgi ilə yaxından tanış olublar.