Xəbər verdiyimiz kimi, Gürcüstanda Azərbaycan kinosu günləri keçirilib. Tədbirin son günü - aprelin 26-da nümayəndə heyətimiz soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi olan Rustavi şəhərində, Marneuli və Qardabani rayon mərkəzlərində yerli əhali ilə görüşüblər. Marneulidə Yavər Rzayevin “İlahi məxluq”, Qardabanidə isə Şamil Nəcəfzadənin “Qala” filmi nümayiş etdirilib.
   Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı görüşdən böyük məmnunluq duyduğunu qeyd edib. Qardabani Rayon İcra Hakimiyyətinin yeni başçısı Gela Xutsişvili isə Gürcüstanda Azərbaycan filmlərinə böyük marağın olduğunu vurğulayıb, belə bir görüşün baş tutmasını xalqlararası dostluğun nümunəsi adlandırıb.