Ağdaş şəhərindəki Habil Əliyev adına uşaq musiqi məktəbində Azərbaycan oxucusunun qəlbində taxt quran unudulmaz şairimiz Cabir Novruzun (1933-2002) anadan olmasının 80 illiyi münasibətilə musiqili ədəbi-bədii gecə keçirildi. Tədbirdə mədəniyyət və turizm şöbəsinin müdiri T.Əliyev, inspektor İ.Vəliyev, icra hakimiyyətinin məsul işçisi M.Hacıxanov və başqa rayon rəsmiləri, mədəniyyət işçiləri, məktəblilər iştirak edirdilər.
   Mərkəzləşdirilmiş Kitabxana Sistemi, uşaq musiqi məktəbi və rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri MKS-nin direktor müavini S.İbrahimova açaraq Xalq şairinin həyat və yaradıcılıq yolu, ədəbi və ictimai fəaliyyəti barədə məlumat verdi.
   Tədbir şairin səsində lentə alınmış “Sağlığında qiymət verin insanlara!” adlı məşhur şeiri ilə davam etdirildi. Musiqi məktəbinin xor kollektivi şairin “Tələbəlik illəri” mahnısını iştirakçılara ərməğan etdi. Cabir Novruzun kitabxananın fəal oxucuları tərəfindən söylənilən “Sevin Azərbaycanı!”, “Sən elə bir vaxtda rast gəldin mənə...”, “Eşq, məhəbbət ölməyəcək” və digər şeirləri də böyük maraqla dinlənildi. Ceyhun Vahabovun ifasında “Bulaq suyu, dağ havası”, Samit Əliyevin təqdim etdiyi “Cavanlığım”, “Məhəbbət”, Şahin Bəkirovun ifasında “Sevgi bayatıları” mahnıları rəğbətlə qarşılandı. Sonda tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış oldular. 

   Xuraman Səmədova,
   Ağdaş rayon MKS-nin əməkdaşı