15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə belə bir günün təsis olunmasında məqsəd insanların diqqətini cəmiyyətin təməli olan ailəyə yönəltməkdir. Bir neçə ildir ki, əlamətdar gün ölkəmizdə də qeyd olunur.
   
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə “Ailə bayramı” keçirilib. Tədbirdə respublikamızın əksər şəhər və rayonlarını təmsil edən, müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə qalib gəlmiş ailələr iştirak edib. İştirakçılar əvvəlcə müxtəlif şəhər və rayonları təmsil edən ailələrin əl işlərindən ibarət sərgiyə, xalça və kilimlərə baxıb, milli mətbəx nümunələri ilə tanış olub.
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova builki “Ailə bayramı”nın ümummilli liderin 90 illik yubileyinə həsr olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, ulu öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması üçün çalışıb, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edib. Qeyd olunub ki, bu bayram milli ailə ənənələrinin yaşadılması ilə yanaşı, ölkənin müxtəlif bölgələrində yaşayan ailələrin bir-biri ilə tanışlığına töhfədir.
   Tədbir çərçivəsində nikah mərasimi də olub, yeni ailə quran gənclərə hədiyyələr təqdim edilib. Ailə ansambllarının təqdim etdikləri mahnı və rəqslər, muğam parçaları, aşıq musiqisi, habelə respublikanın tanınmış ifaçılarının çıxışları bayram iştirakçılarında xoş ovqat yaradıb.