Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 21-də Qax rayon Dövlət Rəsm Qalereyasında “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkil etdikləri sərgidə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların sənətkarlarının 60-a yaxın əl işi nümayiş etdirilib.
   Açılışda çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev bildirib ki, ulu öndərin yubileyinə həsr olunmuş sərgi bölgələrdə ilk dəfə Qax rayonunda keçirilir. Regionlardan sonra Bakı şəhərində respublika sərgisi təşkil olunacaq.
   Sərgidə nümayiş etdirilən əl işləri - xalça, kilim, heybə, xurcun, corab və digər sənətkarlıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ən yaxşı əl işləri respublika sərgisində nümayiş etdiriləcək.