Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Göyçay rayon Mərkəzi kitabxanasının qarşısında «Kitab bayramı» keçirilib. Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov açaraq böyük öndərin mədəniyyətimizə diqqət və qayğısından, kitabxana işinin inkişafına töhfələrindən söz açıb.
   Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə 800-ə yaxın kitab və elektron nəşr, habelə kitabxana işçilərinin əl işləri nümayiş olunub. Sərgidə ölkəmizin tarixinə, ədəbiyyatına, Qarabağa dair, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar yer alıb. İştirakçılar kitabxanaya daxil olan yeni nəşrlərlə tanış olmaq imkanı qazanıblar. Tədbir rayon mədəniyyət evinin «Çinar» instrumental ansamblının konsert proqramı ilə başa çatıb.
   
   * * *
   Mayın 17-də Qazax rayon Mərkəzi kitabxanası rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə ümummilli liderin 90 illiyinə həsr olunmuş “Azərbaycana nur saçan Günəş” adlı kitab bayramı keçirib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülayə Həsənova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.
   Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq böyük öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında tarixi xidmətlərindən danışıb. MKS-nin direktor müavini Münəvvər Süleymanlı dahi rəhbərin ömür yolu haqqında məruzə ilə çıxış edib.
   Tədbirdə Qazax şəhər 1 və 2 saylı musiqi məktəblərinin saz sinfi şagirdlərinin ifasında el havaları səsləndirilib. Məktəblilər ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər, rəqslər nümayiş olunub.
   Tədbirin sonunda yazıçı-dramaturq Fuad Babanlının yeni kitablarının təqdimatı olub, Rəsm Qalereyasının gənc rəssamlarının ulu öndərə həsr etdikləri əl işlərinə və Mərkəzi kitabxananın tərtib etdiyi kitab sərgilərinə baxış keçirilib.